“İranla Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq müqaviləsinin bağlanması rəsmi Bakının maraqlarına cavab verir”. Bunu Sherg.az-a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Ermənistanın İranla bu sahədə əməkdaşlığının qarşısını ala bilərik:
“Enerji, nəqliyyat və hərbi-texniki sahədə İran-Ermənistan əməkdaşlığının inkişaf etməsi ölkəmizə qarşı yönələ bilərdi. Hazırda İran Ermənistan üçün əsas nəfəslik olsa da, strateji sahələr üzrə əməkdaşlıq Azərbaycanla edilir. İranla bağlanan hərbi-texniki müqavilə sadəcə bir sənəddir və bu sahədə əməkdaşlıq fonunda İranı öz hərbi sənayemizə cəlb etmək yolverilməzdir. Çünki, bizim əsas hərbi-texniki tərəfdaşımız İsrail və Türkiyədir. Bu ölkələrlərlə müştərək hərbi əməkdaşlıq və istehsal sahəmiz var. Rusiya və digər ölkələrlə sadəcə hərbi, ticari əlaqələr yüksək səviyyədədir” .
Məhəmməd Əsədullazadə: “Rusiya bizə satdığı silahları Ermənistana pulsuz verir. Sabah bunu İran da edə bilər”
Lakin ekspert bu sahədə mövcud olan müəyyən problemləri də diqqətə çatdırıb:
“İran müasir silah texnolgiyasına malik olmadığına görə, bu ölkədən silah alınması səmərəsizdir. İlk növbədə ABŞ-ın ölkəmizə qarşı mənfi siyasəti formalaşa bilər. Digər tərəfdən İran şirkətləri işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərir və separatçılarla sıx əlaqələri var. Silah sənayemizə İranın cəlb olunması bu sahədə sirrlərin Ermənistana ötürülməsinə də gətirib çıxara bilər. Rusiya ilə müəyyən səbəblərə görə, silah ticarəti edirik. Rusiya bizə satdığı silahları Ermənistana pulsuz verir. Sabah bunu İran da edə bilər. Ancaq bütün bunlara rəğmən, hərbi texniki əməkdaşlıq müqaviləsini səthi şəkildə davam etdirməliyik”.