“Türkiyə ordusuna hücum birbaşa NATO-ya hücumdur”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Türkiyə hərbi alyansın Cənub-Şərq cinahıdır və buradan ölkə sərhədlərinə təhdid NATO-ya meydan oxuma kimi qiymətləndirilir:
“NATO üzvü olan Türkiyə Alyansın sərhədlərinin təhlükəsizliyi üçün Suriyada rəqib qüvvələrin hücumuna məruz qalır. Amma, Alyans öz üzvünə lazımı dəstəyi vermədiyinə görə, Moskva bu qədər arxayın şəkildə Ankaranı sıxışdırır. Brüsseldə toplanacaq konfransda NATO gücləri Əsədə qarşı hərbi əməliyyatlara start verməsə, Alyans öz missiyasında ciddi strateji səhv edəcək. Bu da Rusiyanın əlini gücləndirə bilər. Hər halda ABŞ-ın siyasi iradəsindən bir çox məsələlər aslıdır. Çünki, Ankara Vaşinqtonla məsləhətləşəndən sonra üzv dövlətlər toplanır”.
Politoloq: “ABŞ-ın başçılığı altında NATO ölkələri Türkiyəyə lazımı dəstəyi verməzsə, Rusiya Yaxın Şərqdən Qərbin bütün dayaqlarını zəiflədib çıxaracaq”
Siyasi şərhçi bəyan edib ki, İdlib hücumuna cavab olaraq NATO-nun birlik göstərməsi və Rusiyaya mesaj verməsi üçün ən ideal siyasi mühit formalaşıb:
“Bu, NATO-Rusiya hərbi toqquşması deyil. Alyans öz Cənub sərhədlərinin təhlükəsizliyi üçün Türkiyəyə hərbi yardım etməlidir. Amerika Əsəd qoşununa zərbələr endirə bilər. Amma, NATO dövlətləri bu əməliyyatlarda iştirak etməyəcək və siyasi bəyanatlarla kifayətlənəcək. Əgər, ABŞ-ın başçılığı altında NATO ölkələri Türkiyəyə lazımı dəstəyi verməzsə, Rusiya Yaxın Şərqdən Qərbin bütün dayaqlarını zəiflədib çıxaracaq. Bir tərəfdə Rusiya-İran oxu, digər tərəfdə isə NATO-Türkiyə oxu var. Tərəflərin mübarizəsi bundan sonra yeni müstəviyə keçə bilər. Hər şey NATO-nun qərarlığından asılı olacaq”.