Ankara Qarabağı da unutmur – TƏHLİL


“İndiki məqamda Rusiya onsuz da Türkiyə ilə tərəfdaşlığa sadiq deyil, razılaşmaları pozur.

“Türkiyənin də Cənubi Qafqaz üzərindən Rusiyaya sərhəd olmaq hüququ var” 

"Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha aktiv fəaliyyət göstərməlidir” fikrini səsləndirib”



ATƏT-in Minsk Qrupunun həmsədrləri və qurum sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Türkiyəyə səfər edib. Səfər əsnasında həmsədrlər və Kaspşik Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüblər. XİN rəhbəri bildirib ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha aktiv fəaliyyət göstərməlidir. Nazir həmçinin, vurğulayıb ki, münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.

Vasitəçilərin Çavuşoğlu ilə görüşünü “Şərq”ə analiz edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu deyib ki, ayrı vaxt olsaydı, bu xəbər o qədər də diqqəti cəlb etməzdi. Çünki həmsədrlər əvvəllər də Türkiyədə rəsmilərlə görüşüblər. 



Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsini həll etməli olan beynəlxalq vasitəçilərin Türkiyəyə indiki səfərləri Ankara ilə Əsəd rejimi və Moskva arasındakı münasibətlərin gərginləşdiyi dövrə təsadüf edib: 

“Mümkündür ki, görüş haqqında razılaşma İdlib ətrafındakı hadisələrdən çox əvvəl razılaşdırılıb. Ancaq başqa bir ehimal da irəli sürə bilərik ki, görüşün bu ərəfədə keçirilməsinin təşəbbüskarı Ankara olub. Türkiyənin Suriyada həyata keçirdiyi uğurlu hərbi əməliyyat bu ölkənin bölgədə rolunu və çəkisini artırıb. Ancaq Türkiyə bununla kifayətlənmək istəmir. Ankara son zamanlar strateji müttəfiqlərinin və tərəfdaşlarının çağırışlarına səssiz qalmır, dəstək verir. Məsələn, Türkiyə Liviyadakı müttəfiqi - mərkəzi hakimiyyətin rəhbəri Sərracın köməyinə çatdı, Tripoliyə silahlı qüvvələrini göndərdi. Azərbaycan Liviyadan da Türkiyəyə yaxın müttəfiqdir. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Azərbaycana səfəri zamanı bunu bir daha səsləndirdi. Xüsusilə vurğuladı ki, Ankara Dağlıq Qarabağ probleminin həllində rəsmi Bakının yanındadır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığına mane olan tək böyük ölkə Rusiyadır. Təsadüfi deyil ki, Ərdoğan Putinlə görüşdə bir neçə dəfə Qarabağ probleminin həllini vacibliyini qaldırıb. Kreml sahibinin cavabı isə bu olub ki, “bu çox mürəkkəb məsələdir”. Bununla Putin faktiki demək istəyib ki, Ankara bu məsələdən uzaq dayansın”.



Siyasi şərhçinin qənaətincə, Ankara Kremlin bu “məsləhətini” bir mərhələyə qədər nəzərə alırdı və məsələyə qarışmırdı: 

“Ancaq indiki məqamda Rusiya onsuz da Türkiyə ilə tərəfdaşlığa sadiq deyil, razılaşmaları pozur. Üstəgəl, Suriya üzərindən gəlib, Türkiyəyə sərhəd olub. Türkiyənin də Cənubi Qafqaz üzərindən Rusiyaya sərhəd olmaq hüququ var. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha aktiv fəaliyyət göstərməlidir” fikrini səsləndirib. Nazir vurğulayıb ki, münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir. Ankara bölgədə fəallığını artırarkən, o cümlədən Minsk Qrupu həmsədrlərini ayağına çağırarkən, rəsmi Bakının da qarşılıqlı surətdə fəallaşmasına ehtiyac var. Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin də “Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmasını arzulayırıq, bu bölgədə sülhün və əmin-amanlıq yaradılması üçün vacib şərtlərdən biridir” məzmunlu bəyanat yayması yerinə düşər”.