“Təşkilat həm də aktiv olaraq qadınları öz siyasi məqsədləri üçün istifadə edir”
Vasif Əfəndiyev:“Bu tip insanlar üçün vətən və dövlət anlayışı olmadığı üçün Azərbaycanın dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdən çəkinmirlər”
“İslam Partiyası” yarandığı gündən Azərbaycan cəmiyyətində ikitirəlik yaratmaqla yanaşı mövhumatı, dini riyakarlığı, cəhaləti yaymaqla, aqressiv siyasi fəaliyyətlə məşğuldur”.
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Partiya təmsilçisi bildirib ki, sözügedən qurum 1991-ci ildə yaransa da, rəsmi dövlət qeydiyyatından 1992-ci ildə keçib:
“1995-ci ildə partiyanın sədri Hacı Əlikram və onun daha 3 silahdaşı “vətənə xəyanət” və “İrana casusuluq” ittihamı ilə həbs olunaraq uzunmüddətli həbs cəzasına məhkum edildilər. Bundan sonra partiyanın rəsmi fəaliyyətinə qadağa qoyularaq qeydiyyatı ləğv edildi. Lakin 1999-cu ildə dövlət bu ünsürlərin islah oluna biləcəyi ehtimalı ilə onları əfv etdi. Partiyanın fəaliyyətinin qadağan olunmasına baxmayaq, onlar Azərbaycan qanunlarına zidd olaraq israrla fəaliyyətlərini davam etdirdilər. Hətta siyasi bloklara qoşuldular. Partiyanın yeni lideri Mövsüm Səmədov da eyni ideoloji xətti davam etdirdiyinə görə, Azərbaycan qanunlarından canını qurtara bilmədi. Bu yaxınlarda həbs edilən “İslam Patiyası”nın sədr əvəzi Hacı İlham Əliyev də eyni aqibəti yaşamaqdadır”.
V.Əfəndiyev vurğulayıb ki, partiyanın bütünlüklə xarici kəşfiyyat orqanlarının maşası olması danılmaz faktdır:
“Çox təəssüf ki, partiyanın rəhbər orqanlarında təmsil olunan cinayətkar dəstə həm də daxildən müəyyən mənəvi dəstək görməkdədir. Bu barədə dəfələrlə danışmışam. Belə məqamlarda Qafqaz Müsəlmanları İdarəsinin loyallığını da diqqətə çatdırmışam. Tohid İbrahimbəyli və Hacı Taleh də eyni ideologya daşıyıcılarıdır. Ümid edirəm ki, Tohid İbrahimbəyli də yaxında Azərbaycan qanunları qarşısında dayanacaq”.
Siyasi şərhçinin sözlərinə görə, təşkilat həm də aktiv olaraq qadınları öz siyasi məqsədləri üçün istifadə edir:
“Bu məqsədlə təşkilatın qadın qolları fəaliyyət göstərir. Onların fəaliyyətlərinin əsas istiqaməti inanclı qadınları İran və İraqdakı dini ziyarətgahlara cəlb etməkdir.
Kərbəla, Məşhəd və Qum şəhərlərinə ziyarətləri təşkil edənlər səfərləri çox ucuz qiymətə təşkil edirlər. Bir çox hallarda isə ümumiyyətlə bütün xərcləri “xeyriyyəçilər” öz üzərinə götürür. Bu “xeyriyyəçilər” ziyarətgahlara cəlb olunan insanlar arasından kriminal keçmişi və narkotik asıllığı olan, tufeyli həyat tərzi yaşayan və etnik separatizmə meyilli olan şəxsləri seçərək siyasi məqsədlər üçün istfadə edirlər. Bu tip insanlar üçün vətən və dövlət anlayışı olmadığı üçün maddiyata şirniklənərək, Azərbaycanın dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdən çəkinmirlər. İdeoloji cəhətdən beyinləri yuyulmuş və xarici kəşfiyyat orqanlarının təsiri altına düşmüş vətəndaşlarımızı ilk növbədə xilas etməyi düşünməliyik. Konkret cinayət hadisəsi törətmiş insanların islah olunması yalnız həbsxanalardan keçir. Onlar arasında ideoloji təbliğatın təsir dairəsinə düşən, lakin cinayət törətmiş qismi də var. Yeni situsiyaya uyğun işləməyi bacaran din xadinləri gətirilməlidir. İranda təhsil alan din xadimləri ümumiyyətlə bu sistemdən kənarlaşdırılmalıdır”.