“...Türkiyə-Azərbaycan tandemi Qarabağ məsələsində hərəkətə keçir” – Şərh


“Bundan sonra Azərbaycan və Türkiyə birgə çalışa bilərlər” 

Məhəmməd Əsədullazadə:“Bura birgə hərbi təlimlər və diplomatik danışıqlar da daxildir, çünki regionda siyasi proseslər ciddi dəyişir”




“Türkiyə Qarabağ məsələsində hərəkətə keçir”.

Bunu “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. 

Politoloq bildirib ki, Türkiyə prezidentinin Moskvaya səfəri öncəsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ankaraya dəvət edilməsi və XİN rəhbəri Çavuşoğlu ilə görüşməsində əsas məqsəd Moskva ilə bu istqamətdə yenidən danışıqlar aparmaqdır: 



“"Türkiyə təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da mövqeyini gücləndirmək kursunu götürür. İlk növbədə burada Qarabağ münaqişəsinin həllində daha çevik siyasət ortaya qoymaqla regionda ərazi bütövlüyünün təmin edilməsində maraqlıdır. Ərdoğanın Putinlə görüşündə Qarabağ münaqişəsini masaya gətirməsini istisna etmirəm. Çünki, həmsədrlərə Ankaranın mövqeyi və bundan sonra da Türkiyənin burada aktiv rol oynayacağı konkret diqqətlərinə çatdırılıb. Artıq Türkiyə Rusiyanın Suriyada ona qarşı siyasətində səmimi olmadığını gördü. Ona görə də Qarabağ məsələsində  pauzaya son qoyur. Prezident Ərdoğanın Bakıya səfərində məhz Qarabağ məsələsi ciddi müzakirə edilərək Ankaranında hərkətə keçməsi razılaşdırlıb”. 

Ekspertin sözlərinə görə, bundan sonra Azərbaycan və Türkiyə birgə çalışa bilərlər: 

“Bura birgə hərbi təlimlər və diplomatik danışıqlar da daxildir. Regionda siyasi proseslər ciddi dəyişir, İdlib böhranı, ardınca Ərdoğanın Bakıya səfəri və Minsk qrupunun həmsədrlərinin Ankaraya səfəri, ardınca Ərdoğanın Moskvaya Putinlə görüşə yola düşməsi Qarabağ məsələsində də müsbət dinamikaya gətirib çıxaracaq. Ermənistan görməlidir ki, Türkiyə-Azərbaycan tandemi Qarabağ məsələsində əməldə hərəkətə keçir”.