"Əminəm ki, dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı dirənc mərhələsi də Azərbaycanın və Gürcüstanın həmrəyliyinin yeni nümunəsinə şahidlik edəcək"
"Koronavirus təhlükəsinin bəşəriyyəti təhdid etdiyi bu günlərdə qonşu Gürcüstandakı bəzi qüvvələr orada yaşayan soydaşlarımıza qarşı cəfəng fikirlər səsləndirirlər".
"Sherg.az"ın xəbərinə görə, bunu Mətbuat Şurasını sədri Əflatun Amaşov deyib.
MŞ rəhbəri bildirib ki, biz zaman-zaman belə təfriqəçi çağırışların şahidi olmuşuq:
"Ancaq nəzərə alınmalıdır ki, Gürcüstan rəsmiləri heç zaman bu cür mənfi meyllərə meydan verməyiblər. Bu gün rəsmi Tiflisin soydaşlarımızın kompakt məskunlaşdıqları bölgələrdə koronavirus əleyhinə həyata keçirdikləri tədbirlər onu göstərir ki, Gürcüstan hökuməti millətindən asılı olmayaraq, hər bir vətəndaşının sağlığını, sağlamlığını düşünür. Onu qorumaq üçün ciddi cəhdlə çalışır. Azərbaycan və Gürcüstan xalqları qonşu və dost xalqlardır. Onların bir-birilərinə ehtiramlı münasibəti tarixin sınağından keçərək möhkəmlənib. Nəticə etibarilə indi Azərbaycan və Gürcüstan dövlətləri strateji müttəfiqdirlər, regiondakı bütün mühüm layihələrin təşəbbüskarları və əsas söz sahibidirlər. Bu əməkdaşlıq sarsılmazdır".
Ə.Amaşov bildirib ki, bu durumda xalqlarımızın bir-birinə dəstək olması şərtdir:
"Əminəm ki, dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı dirənc mərhələsi də Azərbaycanın və Gürcüstanın həmrəyliyinin yeni nümunəsinə şahidlik edəcəkdir. Bunun üçün isə hər iki xalq təxribatçı qüvvələrə uymamalı, onlara meydan verməyərək birgə mübarizə əzmini ortaya qoymalıdır. Azərbaycanın və Gürcüstanın dostluğuna xələl gətirmək istəyənlərin cəhdləri hər zaman uğursuz olub, yenə də uğursuzluğa məhkumdur. Yaşadığımız Cənubi Qafqaz bölgəsinin dünəni kimi, bu günü və gələcəyi də Azərbaycan və Gürcüstan xalqlarının dostluq, mehriban qonşuluq münasibətlərinə söykənmiş sıx əməkdaşlığına bağlıdır. Bu bariz reallığı təhdid edəcək, fəaliyyətini hansısa şantajçı niyyətə kökləmiş qüvvə uğursuzluğa və iflasa məhkumdur".