"Azərbaycanla Gürcüstanın möhkəm dostluq və qonşuluq münasibətlərinə heç kim xələl gətirə bilməz"
"Azərbaycanla Gürcüstanın möhkəm dostluq və qonşuluq münasibətlərinə heç kim xələl gətirə bilməz".
Bunu "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, Gürcüstanın azərbaycanlı soydaşlarımızın yaşadığı Marneuli və Bolnisi rayonlarında qırmızı zona rejiminin elan edildiyi ilk günlərdə bəzi gürcü millətçiləri və erməni şovinistləri tərəfindən milli zəmində təxribatçı addımlar atılıb:
"Orada qızışdırıcı fikirlər səsləndirilib, təhqiramiz ifadələrə yol verilib. Şübhəsiz ki, onların məqsədi Gürcüstanda etnik zəmində qarşıdurmanı, milli ədavəti qızışdırmaq və eyni zamanda da Azərbaycanla Gürcüstan arasında dostluq və strateji müttəfiqlik münasibətlərini zədələməkdir. Lakin onlar öz məkrli məqsədlərinə nail ola bilmədilər. Çünki nə Gürcüstan rəhbərliyi, nədəki gürcü xalqı bir ovuc ekstremistin, ermənipərəst qüvvələrin təxribatına uymadı".
Analitik ki, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri Ketevan Tsixelaşvili əhalini sosial şəbəkədə və ya digər məkanlarda, etnik və mədəni xüsusiyyətlər əsasında təhqiramiz ifadələrdən çəkinməyə çağırış edib:
"Nazir birmənalı olaraq bildirib ki, koronavirus kimi dəhşətli bəla heç kimə milli mənsubiyyətinə görə fərq qoymur. Biz Ketevan Tsixelaşvilinin bu mövqeyini yüksək qiymətləndirir və ümumən hesab edirik ki, rəsmi Tiflisin soydaşlarımızın kompakt şəkildə yaşadığı Kvemo-Kartli bölgəsində koronavirus əleyhinə həyata keçirdiyi karantin tədbirləri milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın sağlamlığını qorumağa xidmət edir. Bu belə də olmalıdır. Mənim Gürcüstanla əlaqələrim var. Oradakı soydaşlarımız da bildirirlər ki, bu gün Marneuli və Bolnisidə narahatlıq üçün heç bir əsas yoxdur. Hər iki rayonda vəziyyət stabildir, əhaliyə maksimum şəkildə yardım olunur. Azərbaycanla Gürcüstanın möhkəm dostluq və qonşuluq münasibətlərinə heç kim xələl gətirə bilməz".