"Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənir”

"Təmsil olunduğu bütün beynəlxalq qurumlarda bəşəri dəyərlərin tərəfində duran, beynəlxalq hüquq normalarına ardıcıl əməl edən ölkəmiz əlahiddəliyin fövqündə durması ilə daim diqqət mərkəzindədir".
 
Bu sözləri "Sherg.az"a Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik" mövzusunda  keçirilən Zirvə görüşünü şərh edən  millət vəkili Anar Məmmədov deyib. 

Deputatın fikrincə, Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Yalnız elə bu faktın özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən necə mühüm çoxtərəfli platforma olmasını göstərir:

"Dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir. 

 Azərbaycan Qoşulmama Hərəkatına sədrlik müddətində təşkilatın prinsiplərinə sadiq qalaraq, qurumun beynəlxalq münasibətlər sistemində rolunun daha da artmasına xidmət edir. O cümlədən Azərbaycanla üzv ölkələr arasında əlaqələr daha da inkişaf etdirilir. Milli maraqlarımızın təmin olunması istiqamətində ciddi addımlar atılır. Təbii ki ölkəmizin BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatına sədrlik etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmlənməsinə yol açır. 

 Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri də bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunub. 

Bu Zirvə görüşündə də cənab İlham Əliyev Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək vurğuladı ki, pandemiya dövründə əsas məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir".

A.Məmmədov deyib ki, Operativ Qərargah yaradılmasından tutmuş, sosial və məhdudlaşdırıcı izoliyasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması kimi qərarlar Azərbaycan dövlətinin ilk gündən koronavirusla mübarizəyə olduqca diqqətli yanaşmasının, zamanında operativ və təxirəsalınmaz addaımar atmasının göstəriciləri kimi tarixə düşüb:

 "Dövlət başçısı pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işlərdən də danışaraq, bu məqsədlə müstəqillik tariximizin ən böyük maliyyə tutumlu sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu diqqətə çatdırdı.

 Cənab İlham Əliyev Azərbaycanın koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazır olduğunu bəyan etdi. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qoşulmama Hərəkatında növbəti dəfə ciddi uğurlara imza atdı".