“Paşinyanı Avrasiya ittifaqı və KTMT-də boykot edə bilərlər” – ŞƏRH 

“Bu təşkilatlara üzv olan ölkələrin  başçıları bir faşistin nəvəsi ilə bir masada necə oturacaqlar?!”

“Paşinyanla baş-başa oturub hansısa regional və qlobal məsələləri necə müzakirə edcəklər?! Açığı bu məsələ çox həssasdır” 




“Paşinyanın belə rəftarı son zamanlar Ermənistanda faşizmə xidmət edən ermənilərlə bağlı yaradılan ajiotaja adekvat bir cavab idi. Yəni Nidje kimi insanlar varsa, Ermənistanda Paşinyanın babası kimi fazişmə qarşı döyüşənlər də mövcuddur. Paşinyan bu mesajı vermək istəyirdi”.
Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Natiq Miri deyib.
Politolqun fikrincə, Paşinyanın babası haqqında məlumatı paylaşması daxili auditoriyaya deyil, daha çox Rusiyaya hesablanmış mesaj idi. Amma bu məsələ əks reaksiyaya səbəb oldu:

“Düşünürəm ki, bu məsələnin içində Rusiyanın xüsusi xidmət orqanlarının da əli var. Məlumdur ki, keçmiş SSRİ-nin arxivləri bu gün Rusiyanın arxivləri kimi qalmaqdadır. Onlar üçün Paşinyanın babasının kimliyi haqqında informasiyaların tapılması o qədər də böyük problem yaratmır. Paşinyan qaş düzəltdiyi yerdə göz çıxarıb. Yayılan məlumata dərhal reaksiyanın verilməsi düşünmürəm ki, Ermənistan daxilində baş verən hadisə idi. Məsələnin arxasında Rusiya amili dayanıb”. 



N.Miri hesab edir ki, baş verənləri birmənalı dəyərləndirməyin özü tələskənlik olardı. Çünki Paşinyanın babası haqqında verilən informasiyanın arxasında konkret faktlar və dəlillər yetərli deyil:

“Paşinyanın babasının faşizmə dəstək verən insan olduğu haqqında informasiyaların dövriyyəyə buraxılması onun mövqeyini gücləndirən amilə də çevrilə bilər. Həqiqətən də bu gün Paşinyanın babasının olub-olmadığı birmənalı deyil. Paşinyan daha detallı faktlar və dəlillər ortaya qoya bilər ki, həqiqətən də təqdim olunan şəxs Paşinyanın babası deyil, başqa bir şəxsdir. Yəni bu faktı da gözə almaq lazımdır. Çünki bu bir aldadıcı erməni manevri ola bilər. Paşinyanın babasının faşizmə xidmət etmədiyi, əksinə SSRİ tərəfindən faşizmə qarşı döyüşənlərdən olduğunu sübut etmək Ermənistanın mövqeyini gücləndirə bilər. Ona görə də bir az ehtiyatlı olmaq lazımdır. Ola bilər ki, Paşinyan bir müddət gözləsin və sonra daha tutarlı faktlarla bir çoxlarını susdurmağa ehtiyac duysun. Düşünürəm ki, bu məsələ tam açılmayana qədər bir az ehtiyatlı olmaq lazımdır”.

Politoloqun fikrincə, Paşinyanın babasının həqiqətən də faşizmə xidmət edən bir insan olduğu üzə çıxsa, tamamilə başqa bir siyasi mənzərə yaranacaq:

“Ermənistanın ittifaqda olduğu, həm KTMT, həm də Avrasiya İttifaqında müttəfiq olan ölkələrin  başçıları necə ola bilər ki, bir faşistin nəvəsi ilə dövlət rəhbəri olaraq bir masada oturacaqlar. Rusiya Prezidenti Vladimir Putin bunu özünə necə rəva biləcək? Belarusiyanın  Prezidenti Lukaşenko, eyni zamanda bu ittifaqın digər üzvlərinin dövlət başçıları faşizmə xidmət edən insanın nəvəsi ilə baş-başa oturub hansısa regional və qlobal məsələləri necə müzakirə edcəklər. Açığı bu məsələ çox həssasdır”. 

N.Miri qeyd edib ki, Paşinyanın babasının həqiqətən faşizmə xidmət etməsi sübut olunsa, bu, onun üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər:

“Ən azı Paşinyanı bütün ittifaqlar boyu, yəni Avrasiya ittifaqı və KTMT-də tamamilə baykot edə bilərlər. Bu tamamilə gözlənilən bir hadisədir. Paşinyanın ittifaq ölkələri çərçivəsində birmənalı olaraq baykot oluna biləcəyini Azərbaycan mediası da ciddi şəkildə nəzərdə saxlamalıdır. Əmin olunmalıdır ki, ittifaqda iştirak edən ölkə başçılarının mütləq müharibədə həlak olan qohumları var. Necə ola bilər ki, bu dövlət rəsmiləri faşizmə xidmət edən şəxsin nəvəsi ilə hansısa dövlət məsələlərini həll etsinlər. Bu məsələləri də qabartmaq lazımdır ki, Paşinyan bütün ittifaq çərçivəsində boykot olunsun”.

Qeyd edək ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın babası, Böyük Vətən Müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb. Bu barədə məlumatı baş nazirin özü sosial şəbəkələrdə paylaşıb. Babasının fotosunu yayan N.Paşinyan belə yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib”.