Politoloq: Bertrand Çamoulaudun fikirləri Fransanın müstəmləkəçi olduğunun etirafıdır

Bakı Təşəbbüs Qrupunun mövcudluğunun etirafı Azərbaycanın bu prosesə təsir imkanlarının təsdiqidir


Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaud Fransanın Afrikadakı mövcudluğundan danışarkən Bakı Təşəbbüs Qrupunun adını çəkib. O, dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyanın gücləndiyini etiraf edib. Qeyd edib ki, onların təsiri bu tip müstəqillik hərəkatlarını dəstəkləyən və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu kimi xarici aktorlar tərəfindən gücləndirilib.  Ərazi Kəşfiyyatı üzrə Milli İdarənin dənizaşırı ərazilərdəki hərəkatlara təsir gücünün zəif olduğunu etiraf edən B.Çamoulaud bildirib ki, informasiya müharibəsi şəraitində Kemi Seba kimi şəxslər "fransız diplomatiyasına zərbə vurur. 
Xatırladaq ki, Kemi Seba bu ilin oktyabrında Bakıda keçirilən "Afrikada Fransanın neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın kolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasında olduğunu bildirmişdi. Azərbaycandan qayıtdıqdan sonra Fransa xüsusi xidmət orqanları onu saxlasa da, tezliklə sərbəst buraxmağa məcbur olmuşdu.

Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəhbərinin fikirləri Fransanın müstəmləkəçi olduğunun etirafıdır:

“Çünki həmin ərazilər zamanında işğal olunub və Fransa tərəfindən həm yeraltı, yerüstü, həm də insan resursları istismar olunub. Bu insanlığa qarşı ən böyük cinayətdir və 21-ci əsrdə baş verməsi ağlabatan deyil. İnsan şüurunun və texnologiyanın yüksək səviyyədə inkişaf etdiyi bir dönəmdə belə müstəmləkənin mövcud olması bütün insanlığa qarşı cinayət sayılır. Kəşfiyyat qurumunun rəisinin açıqlaması da sözügedən məsələnin sübutudur. Digər tərəfdən isə müstəmləkəyə məruz qalan insanların müstəmləkəçi ölkələrə qarşı mübarizəsinin ciddiləşdiyini göstərir. Bunun müqabilində Fransa Kəşfiyyat qruplarının nə qədər aciz olduğunu ortaya qoyur. Doğrudur, insanların üsyanlarını onları öldürməklə yatıra bilirlər. Lakin həmin prosesdə müəyyən yerə qədərdir. Beynəlxaq birlik müstəmləkəyə göz yumduğca insanların istismarı və öldürülməsi davam edəcək. Eyni zamanda insanların mübarizəsi də paralel şəkildə mövcud olacaq. Bununla bağlı Bakı Təşəbbüs Qrupunun mövcud olmasının etirafı da dolayısı ilə Azərbaycanın bu prosesə təsir imkanlarının təsdiqidir. Azərbaycan mövcud olan müstəmləkənin əleyhinədir. Bunun hansı ölkə tərəfindən edilməsinin Azərbaycan üçün fərqi yoxdur və rəsmi Bakı bütövlükdə insan istismarına qarşıdır. Bakının belə təşəbbüslə çıxış etməsi təqdirəlayiqdir və bütün insanlığa verilən mesajdır. Hansısa ölkənin zəif inkişaf etmiş dövlətin müstəmləkə şəklində qanını sovurması qəbuledilməzdir”.