İspaniyanın Baş naziri Pedro Sançes ABŞ-nin Qrenlandiyaya mümkün hərbi müdaxiləsi və Donald Trampın bu ərazi ilə bağlı tələbləri barədə sərt xəbərdarlıq edib.
Hökumət başçısı "La Vanguardia" qəzetinə müsahibəsində belə bir addımın NATO-ya ağır zərbə vuracağını bildirib.
Sançes bəyan edib ki, ABŞ-nin Danimarkaya məxsus bu nəhəng qütb adasına qarşı istənilən hərbi hərəkəti Rusiyanın Ukraynaya təcavüzünə bəraət qazandıracaq:
"Əgər diqqətimizi Qrenlandiyaya yönəltsək, deməliyəm ki, ABŞ-nin bu ərazini işğal etməsi Vladimir Putini dünyanın ən xoşbəxt adamı edər. Niyə? Çünki bu, onun Ukraynanı işğal etmək cəhdini legitimləşdirər. Əgər Birləşmiş Ştatlar güc tətbiq etsə, bu, NATO-nun sonu olar. Putin isə ikiqat xoşbəxt olar".
ABŞ Prezidenti Donald Tramp isə Qrenlandiya məsələsində taktikasını dəyişərək Avropa müttəfiqlərinə qarşı iqtisadi təzyiqləri işə salıb. O, "Truth Social" sosial şəbəkəsində bəyan edib ki, ABŞ-yə Qrenlandiyanı almağa icazə verilənə qədər Avropa ölkələrinə qarşı gömrük rüsumlarını artıracaq.
Trampın sözlərinə görə, fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Niderland, Finlandiya və Böyük Britaniyadan idxal olunan mallara əlavə 10% gömrük rüsumu tətbiq ediləcək.
Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, əgər Qrenlandiyanın ABŞ-yə satılması ilə bağlı razılıq əldə olunmasa, iyunun 1-dən bu rüsumlar 25%-ə qaldırılacaq.
Qeyd edək ki, Danimarkanın muxtar ərazisi olan Qrenlandiya və Danimarka rəsmiləri adanın satılıq olmadığını və ABŞ-nin tərkibinə keçmək niyyətində olmadıqlarını dəfələrlə bəyan ediblər. Tramp isə adanın mülkiyyət hüququndan aşağı heç bir təkliflə razılaşmayacağını israrla vurğulayır.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, Tramp olduqca təhlükəli bir oyuna başlayıb və bu oyun təkcə Amerika Birləşmiş Ştatları üçün deyil, bütövlükdə qlobal sistem üçün real təhdid yaradır:

"Prezident Trampın atdığı addımlar mövcud beynəlxalq nizamın dağılmasına, yaxud bu prosesin sürətlənməsinə səbəb olur. Hazırda ABŞ demək olar ki, NATO-dan uzaqlaşmağa başlayıb, alyansla arasındakı məsafəni getdikcə artırır. Digər tərəfdən, Avropa Birliyi ilə ABŞ arasında açıq qarşıdurma formalaşıb. ABŞ Avropa məkanının təhlükəsizliyini ciddi risk altına ataraq Rusiya ilə yaxınlaşır və bununla da Moskvanın mövqelərini gücləndirmiş olur. Nəticədə münasibətlərdə dərin çatlar yaranır və qlobal sistem tədricən dağılma mərhələsinə daxil olur. Bununla yanaşı, Trampın Qrenlandiya, Kanada və digər ərazilərlə bağlı açıqlamaları xüsusilə təhlükəli tendensiyadır. Bu isə onu göstərir ki, beynəlxalq münasibətlərdə artıq güclü dövlətlərin zəif dövlətləri təzyiq və güc yolu ilə özlərinə tabe etdikləri bir dövr başlayıb. Tramp Amerika Birləşmiş Ştatları üçün qlobal imperiya qurmağa çalışır və bu yolda beynəlxalq hüququn əsas prinsiplərini açıq şəkildə sual altına alır. Bu reallıq onu göstərir ki, dünya üçün ən təhlükəli dövr məhz Donald Trampın hakimiyyətdə olduğu dövrdür. Çünki Tramp mahiyyət etibarilə klassik mənada siyasətçi deyil. O, Amerika Birləşmiş Ştatlarının rəhbərliyinə gətirilmiş bir alverçidir. Onun yanaşmasında demək olar ki, bütün məsələlər pul, sərvət, maliyyə və iqtisadi maraqlar prizmasından dəyərləndirilir. Bu yanaşma isə qlobal siyasət məkanını real və dərin təhlükələr qarşısında qoyur".