ABŞ Prezidenti Donald Tramp Azərbaycan dövlət başçısı İlham Əliyevə məktub ünvanlayıb. Məktubda dövlətlərarası münasibətlərdən danışılıb. Tramp Azərbaycanın suverenliyinin və müstəqilliyinin ABŞ tərəfindən güclü dəstəkləndiyini deyib.
Əlbəttə, bu, dövlətlərarası münasibətlərin yüksələn templə inkişaf etdiyini göstərir.
Politoloq Fikrət Sadıqov da "Sherg.az"a açıqlamasında Azərbaycanla ABŞ arasında münasibətlərin gələcəkdə daha çox inkişaf edəcəyini deyib:
"Həmin məktubda çox mühüm məqamlar qeyd olunub. Tramp beynəlxalq təhlükəsizliyin təmin edilməsində, enerji layihələrinin həyata keçirilməsində ölkəmizin rolunu yüksək qiymətləndirib. İki dövlət arasında münasibətlər inkişaf etməkdədir. Bu, Azərbaycanın xarici maraqlarına cavab verir".
F. Sadıqovun fikrincə, Azərbaycan - ABŞ münasibətləri heç bir başqa ölkənin narazılığına səbəb olmamalıdır:
"Bizim heç kim qarşısında öhdəliyimiz yoxdur. Heç kimə nəyisə söz verməmişik. Həm də Azərbaycan balanslaşdırılmış xarici siyasət yeridir. İkinci bir tərəfdən isə hər bir ölkə ilə münasibətlərimiz ancaq dövlət maraqlarımıza hesablanıb".