“Avropa Birliyi Ermənistana qarşı sanksiyalar qəbul etməlidir” – Deputat

“Bu sanksiyalar məhz beynəlxalq hüququn müdafiəsi ilə bağlıdır”



Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır. Çünki beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni əməliyytalar həyata keçirən rəsmi Yerevanın sözü ilə əməlinin bir-birinə tərs mütənasib olduğunu müşahidə edir.

Bəyənata dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Asim Mollazadə bildirib ki, Azərbaycanın ərazisi işğal altındadır. Ermənistan qeyri-qanuni olaraq ərazilərimizdə məskunlaşıb. Deputatın sözlərinə görə, bu, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaq deməkdir:

“Ona görə də bu bəyanat əslində Avropa Birliyinin hər zaman müdafiə etdiyi dəlillərlə bağlıdır. Bəyənatda tək Azərbaycanın müdafiəsi deyil, beynəlxalq hüququn müdafiəsi göstərilir. Ərazilərimiz işğal altında olduğuna görə, əslində Ermənistana qarşı müvafiq sankasiyalar qəbul olunmalıdır. Bu sanksiyalar məhz beynəlxalq hüququn müdafiəsi ilə bağlıdır. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Avropa Parlamentinin vaxtilə Azərbaycanın ərazisinin işğalı və etnik təmizləmələrlə bağlı qətnaməsi var idi”.

A.Mollazadə qeyd edib ki, beynəlxalq təşkilatlar beynəlxalq hüquq normalarını müdafiə etməyə başlamalıdırlar:

“Əks halda Avropa Birliyinin daxilində də hərc-mərclik olacaq, həmçinin radikal silahlı yolla ərazilərin işğalı ola bilər. Bunun qarşısını almaq üçün Avropa Birliyi beynəlxalq hüquq normalarını müdafə edərək ərazilərimizi işğal etmiş Ermənistana qarşı müvafiq təzyiqlər göstərib sanksiyalar qəbul etməlidir”.