Ermənistanın bircə şansı var: “İşğalçılıq siyasətindən əl çəkməlidir”

“Bu, bütün dövlətlərə, xüsusilə də Ermənistana lazımdır” 


Ermənistan COVİD-19 koronavirus infeksiyası ilə mübarizədə məğlub olan dövlətləri siyahısına düşmək üçün bütün şanslara malikdir. Rusiyanın "Lenta.ru” saytı yazır ki, ölkədə xəstəlik pik həddə keçib, ağır şəkildə olan xəstələrin sayı fantastik həddə yüksəlir, səhiyyə sisteminin resursları isə bunun müqabilində tükənmək üzrədir.

"Hakimiyyət isə bütün bunların fonunda küçələrdə maska taxmayan vətəndaşları sosial şəbəkələrdə utandırmaqla məşğuldur. Vətəndaşlar da utanc hissi keçirməyə tələsmir, axı epidemiyanın lap əvvəlindən heç kim epidemioloji təhlükəsizlik qaydalarına əməl etmirdi”, - deyə materialda bildirilir. Baş nazir ötən həftə sonu koronavirusa yoluxduğunu, ardınca ölkədə epidemioloji fəlakət olduğunu bildirib.

Ölkədə vəziyyət həqiqətən də pisləşib: bütün dünya məhdudiyyətləri aradan götürdüyü və xəstə sayı azalmağa doğru getdiyi halda, Ermənistanda xəstə sayı durmadan artır. Mayın 20-də ölkədə 5600 xəstə olduğu halda bu gün xəstə sayı 15 minə yaxınlaşıb.

Ölüm halı 160-dan 230-a çatıb. İsterik vəziyyətdə olan baş nazir ölkədə xəstə sayının 100 min olduğunu bildirsə də, sonradan sözlərində bir qədər redaktə aparmağa məcbur olub. 



 Yaranmış vəziyyətlə bağlı “Sherg.az”a danışan politoloq Rasim Ağayevin fikrincə, Ermənistanın bircə şansı var:

“İlk növbədə onu deyim ki, koronavirus təkcə düşmən ölkəni yox, bütün bəşəriyyəti təhdid edir. Amma Ermənistanda vəziyyətin daha ağır olması reallıqdır. Bunu Paşinyan hakimiyyəti özü də etiraf edir. İndi bütün dünyada ümumi  çaşqınlıq yaranıb. Odur ki, ortaq ictimai-siyasi addımlar atılmalıdır. Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. Bu, bütün dövlətlərə, xüsusilə də Ermənistana lazımdır”.