Rusiyaya sanksiyalar yersizdir: "Bundan Avropa özü çətinlik çəkəcək!”

“Bütün sanksiyalar bazarda məhsulların qiymətinin qalxması ilə nəticələnir”

“Avropa İttifaqı dediyini etsə, Rusiya əvvəl şərti olaraq 5 manata satdığı malı, indi 2-3 dəfə baha qiymətə satacaq”




Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları iyunun 19-da videokonfrans şəklində keçiriləcək sammitdə Rusiyaya qarşı müddəti iyulun 31-də başa çatacaq iqtisadi sanksiyaların daha 6 ay uzadılması ilə bağlı qərar verəcək.
Bu barədə Aİ Şurasındakı mənbə məlumat verib.

“Məlumdur ki, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər Minsk sazişinin icrası ilə əlaqələndirilir. Liderlərin bu müddətdə ciddi irəliləyiş olmadığı qənaətinə gəlməsi və sanksiyaların daha altı ay müddətinə uzadılması ilə bağlı siyasi qərar verməsi gözlənilir”, - mənbə bildirib. 


 
Məsələni “Sherg.az”a təhlil edən politoloq Tofiq Abbasovun düşünür ki, Avropa bunu etməməlidir:

“Avropa İttifaqının bu addımı ciddi dəyişiklik vəd edir. Avropa Rusiya olmadan çətinlik çəkəcəyini başa düşür. Bu, təkcə Rusiyanın silah ehtiyatlarına görə deyil, eyni zamanda həmin ölkənin coğrafi parametrləri ilə bağlıdır. Odur ki, Avropa İttifaqı bunu etməməlidir. Əksinə, oturuşmuş gərginlik yumşalmalıdır. Xüsusilə indiki dönəmdə, yəni pandemiya ilə mübarizə şəraitində belə radikal qərarlar vermək ancaq mənfi nəticəyə səbəb ola bilər. Bir daha təkrar edirəm, əgər Avropaya təkanverici impuls lazımdırsa, daha yaxşı düşünməlidir”. 

Politoloqun fikrincə, verilən qərarlar Rusiyaya mane ola bilməyəcək:

“Bütün sanksiyalar bazarda məhsulların qiymətinin qalxması ilə nəticələnir. Avropa İttifaqı dediyini etsə, sanksiyaya məruz qalan ölkələr, o cümlədən Rusiya əvvəl şərti olaraq 5 manata satdığı malı, indi 2-3 dəfə baha qiymətə satacaq. Amma istənilən halda-necə olursa, olsun, Rusiya istədiyinə nail olacaq”.