“Ermənistandakı repressiyalara Qərb institutları reaksiya göstərmir”

“İşğalçı ölkənin repressiyalarına qiymət vermirlər”

“Bənzər hadisələr Azərbaycanda baş versəydi, ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayardılar”


2020-ci ilin 16 iyun tarixində "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı Parlament tərəfindən ləğv edilib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib.  Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. 

Q.Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur. 

Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. 

Bəs,  buna rəğmən Qərb niyə susur? 

Sözügedən prosesi “Sherg.az”a şərh edən millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, Paşinyan özünün keçmiş və gələcək siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır: 

"Bütün bunları aqressiv şəkildə həyata keçirərəkən  isə demokratiya  pərdəsi arxasında gizlənir,  korrupsiyaya qarşı mübarizə apardığını iddia edir. Beləliklə, həm də üniversal dəyərləri öz repressiya siyasətinə alət edir. Ancaq məsələ bununla da bitmir. Vətəndaş cəmiyyəti institutlarının fəalları, repressiyaya qarşı küçəyə çıxan sadə vətəndaşlar polis tərəfindən kütləvi şəkildə həbs edilir. 



 Artıq 16 iyun tarixində "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. O. ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa çağırılıb  və  həbs ediləcəyi istisna olunmur.  Hər kəsə bəllidir ki, bütün bunların iki səbəbi var. Birincisi, Paşinyan Sarukyanı özünə ciddi siyasi rəqib hesab etməsi,  ikincisi isə  məhz Q.Sarukyanın N.Paşinyanın hakimiyyətini  daha sərt  tənqid etməsidir.  Hadisənin də bu fonda baş verməsi bir daha müxalifət liderinin  təzyiqlərə məruz qalması və baş  verənlərin siyasi təqib olmasının göstəricisidir.  Paşinyanın bu addımları artıq onun  Ermənistanda bir  diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır".

İşğalçı ölkədəki daxili vəziyyəti qiymətləndirməyə çalışan  deputat bunu ikili böhran  dövrü kimi xarakterizə edib: 

"Bunlardan biri  pandemiya böhranı digəri isə  siyasi böhrandır. N.Paşinyanın yeganə məqsədi  isə ölkədə siyasi repressiyalar həyata keçirməklə öz  diktaturasının müddətini uzatmaqla daha   totalitar inqilabi diktatura qurmaqdır. Ancaq bəlkə də bunları işğalçı ölkənin daxili işləri kimi görüb onu gündəmə daşımamaq da olardı. Lakin məsələ ondadır ki, bütün baş verən bu repressiyalara Qərbin demokratiya institutları heç bir reaksiya göstərmir, işğalçı ölkənin repressiyalarına qiymət vermirlər.

  Beləliklə qlobal ictimai rəydə onun demokratik obrazının yaradılmasına xidmət göstərmiş olurlar ki, bu faktor da nəticə etibarilə Ermənistanın işğalçı yox, demokratik ölkə olması rəyinin yaradılmasına xidmət edir. Bu günə qədər  təssüf ki , nə  ABŞ Dövlət Departamenti, nə  Avropa Şurası Parlament Assambleyası,  nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə  ABŞ-ın Ermənistandakı səfiri, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə münasibət bildiriblər.

Ancaq bənzər hadisələr Azərbaycanda baş versəydi  dərhal ölkəmizə qarşı  sistemli  qarayaxma kampaniyasına başlayardılar üzün müddət bunu gündəmdə saxlamaqla beynəlxalq imicimizə zərbə vurardılar. Ona görə də Qərbin demokratiya institutları üçün  əgər doğrudan da  demokratik dəyərlər , insan hüquq və azadlıqları, söz azadlığı üstün dəyərdirsə, mütləq Ermənistanda  baş verənərə adekvat münasibət bildirməli, işğalçı olkənin diktatura rejimini   ifşa etməlidirlər".