"Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək. Bu təşəbbüslə ölkə başçısı Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşündə çıxış edib. Daha sonra da bu istiqamətdə səylərini davam etdirən Azərbaycanın xüsusi sessiyanın keçirilməsi ilə bağlı təklifi dünya ölkələri tərəfindən dəstəklənib".
Bu sözləri “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Xüsusi sessiyanın keçirilməsi faktına BMT tarixində çox az rast gəlindiyini vurğulayan politoloq deyib ki, belə bir sessiyanın keçirilməsi üçün BMT-yə üzv olan ölkələrin 97-sinin razılığı olmalıdır. Azərbaycanın təşəbbüsünə isə 130 dövlət tərəfdar çıxıb. Bu Azərbaycana göstərilən inam və etimadın göstəricisidir:
"Azərbaycan bölgədə multilateralizmi təşviq edən bir ölkə kimi təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda aparıcı rola malikdir. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan oldu.
Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Ermənistandan fərqli olaraq Azərbaycan COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım verib".
Ötən ildən Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini xatırladan politoloq deyib ki, cari ilin mayında QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına qarşı həmrəylik məqsədi ilə keçirilən onlayn Zirvə Görüşü də Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə baş tutub.
Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər: "Ümid edirəm ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaq. Çünki ölkə başçısının irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib.
Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir".