Rusiyada da, Qərbdə də Lukaşenkonu güclü siyasətçi kimi qəbul edirlər
"Belarusiyada baş verən prezident seçkilərinin nəticələri sürpriz olmadı. Bir çoxları hakimiyyət dəyişikliyinin baş verəcəyini, Aleksandr Lukaşenkonun hakimiyyətdən gedəcəyini bildirsələr də, bu fikirlərin məntiqi bazası çox zəif idi".
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Xəyal Bəşirov deyib. X.Bəşirov xüsusən də Lukaşenkonun hakimiyyətdən gedəcəyini RF Prezidenti Vladimir Putinlə münasibətlərinin pisləşməsi ilə əsaslandırılması kimi təhlilləri absurd hesab etdiyini deyib:
"30 ilə yaxın, postsovet dövlətlərindən birində dövlət rəhbəri təcrübəsi olan siyasətçinin, hakimiyyəti dövründə qərb dünyası ilə demək olar ki, heç bir münasibəti olmamasına rəğmən, hakimiyyətinin və təhlükəsizliyinin bir növ qarantı olan Rusiya ilə həm də seçkiöncəsi qarşıdurma yaratması yalnız və yalnız imitasiya xarakteri daşıya bilər.
Siyasi idarəetmədə və diplomatiyada bu cür, müstəqil siyasətin yürüdülməsi ilə, ölkə seçkilərinin, xüsusilə də prezident seçkilərinin müqəddəratının daxildə həll olunması ilə bağlı görüntülərin yaradılmasına hesablanmış manevrlərin edilməsi baş verir.
Ümumiyyətlə, siyasətin müstəqil yürüdülməsi anlayışı yanlışdır. Hər bir dövlət özünün hansısa maraqlarını və mənafelərini təmin etmək üçün yürütdüyü siyasəti beynəlxalq hüququn digər subyektlərinin maraqlarına uyğunlaşdırmaq məcburiyyətindədir".
Siyasi şərhçinin qənaətincə, həm Rusiya, həm digər postsovet dövlətləri, həm də qərb dünyasında Lukaşenkonun yürütdüyü siyasəti bəyənməyənlərin olmasına rəğmən onu güclü siyasətçi kimi qəbul edirlər:
"Ukrayna və Belarusiyanı Rusiyadan ayırmaqla Rusiyanın fövqəldövlət statusundan məhrum olacağı ilə bağlı qərb diplomatlarının və siyasətçilərinin tezisləri yəqin ki, həmin dövlətlərin rəhbərlərinə də yaxşı məlumdur.
Bununla yanaşı, Ukraynanı Rusiyadan ayırmağın Ukraynaya necə və neçəyə başa gəldiyinin də şahidiyik. Ona görə də bu gün Belarusiya və Rusiya bir-birinə nə qədər lazımdırsa, Lukaşenko da bir dövlət rəhbəri kimi, o qədər Belarusiya və Rusiya üçün vacib əhəmiyyət daşıyır.
Bu amil mövcud olduğu müddətcə, hansısa dəyişikliyin və ya sürprizin olacağını düşünmürəm. Tam eyni olmasa da, zənnimcə, digər postsovet ölkələri ilə münasibətdə də, analoji vəziyyət mövcuddur".