Hulusi Akarın işğalçı ölkəni yenə ittiham etməsi çox əhəmiyyətlidir
Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Anadolu agentliyinin təşkil etdiyi canlı yayımda Azərbaycanla olan münasibətlərə toxunub: "Azərbaycan türkü bizim doğma qardaşımızdır. Biz bir millət, iki dövlətik. Heç kimin buna şübhəsi olmasın. Əlbəttə, biz burada tərəf tuturuq. Biz haqqın, hüququn və qardaşlığın tərəfindəyik. Tovuzda həyata keçirilən təxribatı da şiddətlə qınayırıq. Ortada hər hansı bir səbəb olmadan edilən belə bir hücumu pisləyirik".
Ermənistanın Azərbaycana qarşı təcavüzkar mövqeyini növbəti dəfə qınayan Akar Ermənistanı məntiq və ağılla iş görməməkdə günahlandırıb: “Ermənistan məntiqlə və ağılla düşünərək iş görmür. Arxasındakı güclərdən güc alaraq başından böyük işlərə girişir".
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli isə "Şərq"ə açıqlamasında Dağlıq Qarabağ probleminin həlli məsələsində Türkiyənin hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini deyib:
"Sadəcə olaraq Tovuz döyüşlərindən sonra biz qardaş ölkənin daha da fəallaşmasının və açıq-aşkar müharibə alovlanacağı təqdirdə Azərbaycanın yanında olacağına dair rəsmi bəyanatların şahidi olduq.
Eyni zamanda ilk dəfə olaraq Azərbaycanda genişmiqyaslı Azərbaycan-Türkiyə hərbi qüvvələrinin birgə təlimləri keçirildi və ilk dəfə Rusiya ilə Türkiyə prezidentləri səviyyəsində münaqişənin həlli müzakirə olundu.
Tovuz təxribatından 45 gün keçməsinə rəğmən Hulusi Akarın hər dəfə Ermənistanı ittiham etməsi bizim üçün əhəmiyyətli çıxışdır.
Hesab edirəm ki, Azərbaycan bu şansı əldən verməməli və nə qədər ki, Ərdoğan Türkiyə prezidentidir, ərazi bütövlüyümüzün bərpası üçün hücum taktikasına keçmək lazımdır.
Sabahsı gün Azərbaycana bir helikopteri belə çox görən qüvvələr hakimiyyətə gəlsə, biz Türkiyənin dəstəyindən məhrum ola, geosiyasi meydanda tək qala bilərik".