Paşinyan Gürcüstana da ərazi iddiası irəli sürür

Ermənistanın davranışı okeanda idarəetməni itirmiş gəmiyə bənzəyir


Qonşu Gürcüstana ərazi iddiaları ilə çıxış edən Ermənistanın bu addımı gürcülər tərəfindən böyük qəzəb və hiddətlə qarşılanıb. Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi “Facebook” səhifəsində Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb. Fotoşəklin üzərində aksiyanın keçirildiyi yer olaraq “Javakhk” (“Cavakx”) yazılıb. Qeyd edək ki, erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini bu cür adlandırırlar və onlar bu bölgəni Gürcüstanın bir hissəsi hesab etmirlər.

Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirib. Gürcüstan ictimaiyyətinin nümayəndələri “Gürcüstanda Cavakx yoxdur!”, “Bura Gürcüstanın ərazisi Samtsxe Cavaxetidir”, “Ermənistanın baş naziri Gürcüstanda separatizmi təşviq etmirmi?”, “Samtsxe Cavaxeti Gürcüstanın olub və olacaq” və digər bu kimi şərhlər yazıblar.

Gürcü siyasətçilər isə Ermənistanın bu addımını qonşulara xəyanət kimi qiymətləndirib. Belə addımların bölgədə yeni gərginlik ocağı yaratmağa yönəlmiş addım olduğunu bildiriblər. Bununla Ermənistan rəhbərliyinin ərazi bütövlüyü prinsipinə hörmətsiz yanaşdığı, qonşu Gürcüstana da ərazi iddiasının olduğu, bu məqsədlə açıq şəkildə separatizmi alovlandırdığı bir daha sübut olunur. Xüsusən Gürcüstan rəsmilərinin son proseslərdə sərgilədiyi mövqe erməniləri bir qədər də quduzlaşdırıb. Düşmən tərəf açıq-aşkar Cavaxetiya ermənilərini “müstəqillik” uğrunda mübarizəyə, hökumətə qarşı çıxmağa, ölkəni parçalamağa səsləyirlər. 


Düşmənin növbəti təxribatını “Şərq”ə analiz edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev bildirib ki, Gürcüstanın öz hava və quru sahəsindən Ermənistana silah daşınmasına icazə verməməsi ermənilərin uzun illərdir hədəflərində olan Samtsxe Cavaxeti bölgəsi ilə bağlı iddiasını yenidən oyadıb. Görünür, ermənilərin kütləvi psixoz halında olması onların liderlərinə də təsir edib:

“Azərbaycanla müharibə şəraitində olan Ermənistan normal halda Gürcüstanla münasibətləri yaxşılaşdırmağa meyilli olmalıdır. Kənar ölkələrdən hərbi-siyasi dəstək alan bir ölkə başçısının ətrafdakı bütün qonşulara qarşı torpaq iddiası ilə çıxış etməsi ciddi ağıl problemindən xəbər verir. Ermənilərin Türkiyə, İran ərazilərinə, hətta Rusiyanın Krasnodar vilayətinə də ərazi iddiaları var. Ermənistanın hazırkı şəraitdə davranışı okeanda idarəetməni itirmiş gəmiyə bənzəyir. Dalğaların bu gəmini hansısa qayaya çırpacağı an məsələsidir”. 

Analitikin fikrincə, “dost ölkələr” Ermənistanı fəlakətə sürükləyir:

“NATO ölkəsi olan Fransa ABŞ-ın çağırışı ilə özünü yığışdıracaq. İran isə öz xalqı tərəfindən çox yaxında cavabını alacaq. İmperiya xəyalları ilə yaşayan Rusiya bütün konfliktlərdə Türkiyəyə güzəştə getməli oldu. Cənubi Qafqaz regionu Rusiya üçün çox önəmli və strateji bölgədir. Sirr deyil ki, Moskva bölgəni əlində saxlamaq üçün çox dirəniş göstərəcək. Lakin Kreml artıq seçim qarşısındadır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi artıq status-kvo yoxdur. Problemin kökündən həlli qaçılmazdır. Rusiya bu münaqişədə açıq-aşkar Ermənistanın tərəfini saxlayarsa, tarixin ən kobud səhvini etmiş olar.

Çünki Qarabağ Azərbaycana qaytarılmadığı şəraitdə Rusiya ilə münasibətlər kökündən dəyişəcək və Azərbaycan NATO-ya yaxınlaşacaq. Moskva Qarabağı əlimizdən alarsa, həm Azərbaycanı itirəcək, həm də özü uduzan tərəf olacaq”.