CHP iqtidar ola bilmir

"Ona görə bu uğursuzluq partiyada mərkəzdənqaçma
tendensiyalarına səbəb olur"

"Odur ki, ciddi siyasətçilər “batmaqda olan gəmidə” məhv olmaq istəmirlər. Məhərrəm İncə praqmatik bir siyasətçi kimi öz gələcək karyerasını düşünmək məcburiyyətindədir"


Türkiyənin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasından istefalar davam edir. Son olaraq ölkənin siyasi-ictimai həyatında kifayət qədər tanınan Məhərrəm İncə də CHP-dən istefa verib. Bu barədə türkiyəli siyasətçi özü bildirib. İncə istefasının səbəblərinin həftə içi yazılı şəkildə açıqlayacağını bəyan edib. İstefasının bəzi səbəblərini öz-özünə verdiyi “Kimlərlə yolumu ayırıram” sualına cavabı ilə qismən dilə gətirib, lakin detallı açıqlama verməyib. O, CHP-ni parçalamadığını, “Cümhuriyyət İttifaqı”na qoşulmayacaqlarını, hədəflərinin növbəti seçkilərdə 50+1 faiz səs toplamaq olduğunu söyləyib.

Siyasətçi bundan sonra həm müxalifətə, həm də iqtidara müxalif olacağını bildirib. İncə bir neçə gün əvvəl istefa vermiş 3 millət vəkilinin də onlara qoşulacaqlarını deyib. Eyni zamanda parlamentdə böyük fraksiyaya sahib olacaqlarını vurğulayıb. Bu isə o deməkdir ki, CHP-dən istefa marafonu davam edəcək. İlkin ehtimala görə, bu partiyanın parlamentdə təmsil olunan ən az 12-15 üzvü istefa ilə Məhərrəm İncənin yeni yaradacağı partiyaya keçəcək. Qeyd edək ki, sabiq millət vəkili İncə 2018-ci ildə prezidentliyə namizəd olub və 30 faizin üzərində səs toplayıb. 

İncənin təşəbbüsləri ilə bağlı “Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, CHP artıq illərdir iqtidar ola bilmir. Siyasi şərhçinin sözlərinə görə, bu uğursuzluq partiyada mərkəzdənqaçma tendensiyalarına səbəb olur:

“Partiya uğursuzluq zolağından qurtulmaq üçün ya təşkilata yeni rəhbər seçməli, strategiyasında və taktikasında ciddi dəyişiklik etməli, ya da parçalanmalıdır. Mövcud reallıq partiyada rəhbər elita dəyişikliyini imkansız edir. Odur ki, ciddi siyasətçilər “batmaqda olan gəmidə” məhv olmaq istəmirlər. Məhərrəm İncə praqmatik bir siyasətçi kimi öz gələcək karyerasını düşünmək məcburiyyətindədir. Onun müstəqil şəkildə siyasətə atılması, yaxud yeni partiya qurmasında gözlənilməz bir nəsnə yoxdur. Lakin düşünmürəm ki, İncə təkbaşına AKP-yə qarşı duruş gətirə bilsin. Elektoratın çoxu AKP-MHP-nin söykəndiyi millətçi, milli görüşçü düşüncəsinə sahibdirlər. Liberal kəsim isə yetərli olmasa belə, CHP-ni dəstəkləyir. Yeni bir liberal partiyanın yaranması bu müstəvidə ciddi dəyişikliyə səbəb ola bilməyəcək. Əgər İncə milliyyətçi şüarlar səsləndirməyə başlasa, öz elektoratını da itirə bilər. Bu baxımdan, İncənin istefasının böyük təlatümə səbəb ola biləcəyini düşünmürəm”.