Rusiyanın həmsədrləri dövriyyəyə gətirməsi anlaşılandır

Moskva öz üzərində ciddi mənada Azərbaycan və Türkiyənin təzyiqini, nəzarətini hiss edir

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən danışıb. Rusiyalı diplomat deyib ki, həmsədrlər fəaliyyətini davam etdirməlidir. Onun fikrincə, bu format Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinin işlənib hazırlanmasına vacib töhfə verib. Nazir müavininin sözlərinə görə, bu töhfələrin çoxu 10 noyabr 2020-ci il bəyanatında öz əksini tapıb: “Həmsədrlərə həvalə olunan hərtərəfli siyasi nizamlanmaya nail olmaq əvvəlki kimi tələb olunan vəzifədir. “Üçlük” güclü beynəlxalq dəstəyə malikdir və status məsələsi daxil olmaqla gələcək addımlara qarşılıqlı məqbul yanaşmaların işlənib hazırlanmasında faydalı ola bilər.

Lakin vaxtı çatanda, ehtiyatlı və tələsməyərək. İndi ATƏT-in Minsk qrupu, onun həmsədrləri ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərinin gücləndirilməsində fəal ola bilər”. Rusiyalı rəsmilər Minsk qrupunun həmsədrlərini tamamilə gündəmdən çıxartmır və ara-sıra “vasitəçilərin zəruriliyindən” danışırlar. Lakin hələlik “üçlüyün” siyasi tənzimləmələrdə rol oynamasının vaxtının yetişmədiyini dilə gətirirlər. 

Rudenkonun açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, 10 noyabrdan sonra Moskva öz üzərində ciddi mənada Azərbaycan və Türkiyənin təzyiqini, nəzarətini hiss edir. Ekspertin sözlərinə görə, Qarabağda erməni quldurlarının təxribatlarının qarşısının alınması, ələ keçirilən terrorçuların geri verilməməsi rəsmi Bakının qətiyyətini ortaya qoyub:

“Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlaması müsbət nəticəsini verməkdədir. Məlumdur ki, Azərbaycanın başqa ərazilərində də Türkiyə hərbçiləri var və zəruri məqamda rəsmi Bakı bunu açıqlayacaq. Moskva qarşıdakı dönəmdə Ankara və Bakı tərəfindən daha çox təzyiqlə üzləşərsə, Qarabağdakı proseslərə həmsədrlər bəhanəsi ilə Qərb ölkələrini də qoşmağa çalışacaq. Əgər Kremlin maraqları ilə üst-üstə düşsə, Rusiya Qarabağa ABŞ və Fransa sülhməramlılarının gəlməsini də təklif edər. Məqsəd Ankara-Bakı tandeminin qarşısında koalisiya şəklində əks cəbhə yaratmaqdır. Əlbəttə, Türkiyə və Azərbaycan hökuməti buna qətiyyən imkan verməməlidir. Mümkün qədər çalışmalıyıq ki, Qarabağda rus sülhməramlılarının fəaliyyətinə birdəfəlik son verək. Əks halda proses uzanacaq və Moskva hər fürsətdə Minsk qrupunun həmsədrlərini gündəmə gətirəcək. Cənubi Qafqazın qapısını yenidən vasitəçilərin üzünə açmaq olmaz”.