Azərbaycan Avropa İttifaqı ilə yaxınlaşacaq

Bununla həm də Fransa və Almaniya kimi əleyhimizə olan ölkələrin də səsi kəsilmiş olacaq


Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni hərtərəfli saziş barədə danışıqlar davam edir.
Bunu Avropa Komissiyasının mətbuat katibi Ana Pisonero deyib.

O bildirib ki, hazırda Aİ sazişin ticari hissəsi ilə bağlı Azərbaycanın mövqeyini gözləyir və danışıqları davam etdirməyə ümid edir: "Aİ-nin ali nümayəndəsi Cozep Borrellin Aİ-Azərbaycan assosiasiya şurasının iclasında dediyi kimi, Avropa İttifaqı Azərbaycanla, demokratiya, insan haqları və əsas azadlıqlara əsaslanan, ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verən və ticarət əlaqələrimizi möhkəmləndirən yeni hərtərəfli saziş imzalamaq istəyir".
O əlavə edib ki, yeni saziş Aİ ilə Azərbaycan arasında gələcək əməkdaşlığın və daha sıx əlaqələrin əsasını qoyacaq:

"Yeni saziş iqtisadiyyatın şaxələndirilməsi sahəsində Azərbaycanın səylərini dəstəkləyəcək. Bu, işgüzar mühiti daha da dəstəkləyəcək və vətəndaşların rifahı naminə ölkənin dayanıqlı inkişafına xidmət edəcək. Azərbaycan Şərq tərəfdaşlığı kontekstində vacib rol oynayır".

Sözügedən saziş haqqında "Şərq"ə şərh verən politoloq Qabil Hüseynli Avropa ilə əlaqələrin Azərbaycan üçün çox önəmli olduğunu dedi:

"Azərbaycan Avropa İttifaqı ilə assosiativ saziş imzalamır. Sadəcə olaraq onlarla ikili münasibətləri tənzimləyən ayrıca bir sənəd imzalanır.
Sözügedən sənədin demək olar ki, 90 faizdən çox hissəsi razılaşdırılır. Bu sənəd Azərbaycan üçün çox vacibdir. Azərbaycan da Avropanın enerji təchizatında mühüm rol oynayır.

İndiyə qədər Azərbaycan Avropa ilə logistik əlaqələrin qurulması üçün çox böyük layihələr həyata keçirib. "Bakı-Tbilisi-Qars" dəmir yolu, "Bakı-Ceyhan" neft kəməri, "TANAP", "Bakı-Supsa" və s. nəhəng layihələrin hər biri Avropa ilə əlaqələr üçün nəzərdə tutulub. Bu layihələrin səmərəli nəticələri də göz qarşısındadır. 

Bu sənədin imzalanması Azərbaycanla Avropa İttifaqını daha da yaxınlaşdıracaq. Həm də bununla Fransa və Almaniya kimi əleyhimizə olan ölkələrin də səsi kəsilmiş olacaq".