Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ara Ayvazyanla görüşüb. Nazirlər Dağlıq Qarabağla əlaqəli humanitar və iqtisadi məsələləri müzakirə ediblər.
“Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin həyata keçirilməsini müzakirə ediblər. Xüsusi diqqət Dağlıq Qarabağda humanitar məsələlərə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə yönəldilib”, - Rusiya XİN-in yaydığı məlumatda bildirilir.
Nazirlərin ikitərəfli görüşünü “Sherg.az”a şərh edən politoloq Natiq Mirinin fikrincə isə, bu, birbaşa olaraq Kremlin maraqlarına cavab verir:
“Rusiya rəsmi İrəvanda gedən proseslərdən narahatdır. Bilirsiniz ki, Ermənistanda ard-arda süni şəkildə siyasi və hərbi böhranlar yaradıldı. Məqsəd Paşinyanı devirmək idi. Amma Moskva arzusuna nail ola bilmədi. Ona görə Rusiyanın indiki niyyəti aydındır: erkən parlament seçkilərində hətta Paşinyan qalib gəlsə belə, Ermənistan hakimiyyətinə ciddi təsir mexanizmləri hazırlanır. Görüş də məhz bununla bağlı idi”.