Ermənistanda vəziyyət seçkilərdən sonra aydın olacaq

Proseslərə Rusiya müdaxilə etsə, ölkədə vətəndaş müharibəsi qaçılmazdır


Ermənistanda Baş nazir Nikol Paşinyanın əleyhdarları aprelin 6-da saat 14:00-da növbəti etiraz aksiyası keçirəcək.

Bu barədə “Vətənin qurtuluşu üzrə hərəkat” partiyasının koordinatoru İşxan Saqatelyan feysbukdakı səhifəsində bildirib.

İ.Saqatelyan vətəndaşlara müraciət edərək, onları “pisliyin hakimiyyətdən uzaqlaşdırılması”, “milli və güclü dövlət üçün” mübarizəyə qoşulmağa çağırıb. Müxalifətçi, həmçinin, ölkənin təhlükəsizliyinin məhv edilməsinin, Ermənistan ordusunun dağılmasının qarşısının alınması üçün onları aksiyaya dəvət edib.
Qarabağ savaşında məğlubiyyətdən sonra Ermənistanda demək olar ki, hər həftə etiraz aksiyaları keçirilir. Görünən budur ki, aksiyalara yeni-yeni müxalif partiyalar qoşulur. Bununla onlar iqtidarı rahat buraxmaq istəmir, Paşinyanın istefasını tələb edirlər. 
Amma Paşinyan çətinliklə də olsa ölkənin əksəriyyətini ələ ala bilib, yenidən söz sahibliyi edir.

Bəs bu etirazdan sonra Ermənistanda nə gözlənilir, müxalifət mitinqlərlə nəyi dəyişə biləcək?



Bu və digər suallarla bağlı fikirlərini "Şərq"lə bölüşən politoloq Azər Rəşidoğlu deyib ki, Ermənistanda iqtidarın, yaxud da müxalifətin qalib gələcəyi yalnız seçkilərdən sonra məlum olacaq:

"Ermənistan Qarabağ müharibəsində məğlub oldu. Digər tərəfdən də iqtisadi və sosial vəziyyətləri ağırdır. Bu baxımdan Ermənistanda etirazların olması normal haldır. Etirazlar yenə olacaq və düşünürəm ki, artan xətlə inkişaf edəcək. 
Ermənistan əhalisi "Qarabağ klanı"nın korrupsiya və özbaşınalığından bezib. Ona görə də bu seçkilərdə Paşinyanın şansları az deyil. Amma yenə də hər şey seçkilərdən sonra daha aydın olacaq.
 
Yəni Ermənistan əhalisi "Qarabağ klanı"nın yenidən hakimiyyətə qayıtmasını istəmir. Paşinyan da bunu bilir. Ona görə də seçkilərə getməkdə israrlıdır. 

Digər tərəfdən isə seçkilərin nə ilə nəticələnəcəyi Rusiyanın müdaxilə edib-etməməsindən asılı olacaq. Əgər Rusiya proseslərə açıq şəkildə qarışacaqsa və "Qarabağ klanı"na dəstək verəcəksə, bu artıq Ermənistanda vətəndaş müharibəsini qaçılmaz edəcək. Amma Paşinyan seçkilərdə yenidən qalib gələcəksə, o, çox gözəl bilir ki, onun Azərbaycanla anlaşmaqdan başqa çarəsi qalmır. Bundan sonra onlar Türkiyə və Azərbaycanla münasibətləri düzəltməyə çalışacaqlar".