Deputatdan Rusiya baş prokuroruna sual:Nə üçün görüşlərdə...” 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovu qəbul edib. “Sherg.az” xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. 

Bildirilib ki, ölkələrimizin prokurorluq orqanları arasında həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin genişlənməsi işinə töhfə verməklə bərabər, ölkələrimiz qarşısında duran təhdidlər, müasir çağırışlar, cinayətkarlığa qarşı mübarizə işində mühüm rol oynayır.
Söhbət zamanı əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub, perspektiv məsələlər müzakirə edilib.

Millət vəkili Elman Məmmədov gündəmə gətirilmiş məqamlarla bağlı fikirlərini “Sherg.az”la bölüşdü:

“ Hər halda İqor Krasnov Rusiyanın yüksək vəzifəli şəxslərindəndir. Odur ki, hüquqi müstəvidə aydınlıq gətirilməli bir sıra məqamlar var.  Onlar arasında “İsgəndər-M” raketi ilə bağlı müəmma, sülhməramlıların ermənilərin himayədarı kimi fəaliyyəti xüsusi yer tutur. Həmçinin qondarma respublikada Azərbaycanın cinayətkar elan etdiyi şəxslərin həbsi məsələsinin müzakirə obyekti olmasını arzu edərdim. Bilirsiniz ki, Rusiya 1991-ci ilin payızında yaradılmış qeyri-qanuni, qondarma respublikanı tanımır. Elə isə niyə rus hərbçiləri oradakı ermənilərə humanitar yardım göstərir? Nə üçün görüşlərdə Rusiya bayrağı ilə yanaşı qondarma respublikanın da bayrağı masa üzərinə qoyulur?! Fikrimcə, bu məsələlər həllini tapmalıdır”.