ABŞ-la danışıqlar dayandırılmayacaq

İranda kimin prezident seçilməsi vəziyyəti dəyişmir


İyun ayının 18-də İranda keçiriləcək prezident seçkilərinə irəli sürülən namizədlərin qeydiyyatı prosesinə başlanılıb. İndiyədək 300 nəfərin prezidentliyə iddialı olduğu bildirilir. Lakin əsas rəqabətin cəmi bir neçə nəfərin arasında gedəcəyi gözlənilir. Onların arasında eks-prezident Mahmud Əhmədinejad və parlamentin sabiq spikeri Əli Laricaninin adları daha çox çəkilir. Bundan başqa, keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu Mohsin Haşimi, sabiq müdafiə naziri Hüseyn Dehqan, keçmiş rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Həsən Haminin və İbrahim Rəisinin də adları çəkilir.

İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezayi, “SEPAH” komandarinin keçmiş müşaviri Said Məhəmməd də populyar namizədlər hesab edilir. İddialılar arasında Mahmud Əhmədinejad əvvəllər prezident vəzifəsini tutmuş yeganə siyasətçidir. O, hətta üçüncü dəfədir ki, bu posta namizədliyini irəli sürür. Ultra-sağçıların nümayəndəsi kimi ilk dəfə 2005-ci ildə seçkilərdə qalib gələn Əhmədinejad mühafizəkar düşərgədə yüksək reytinqə malikdir. 2018-ci ildə İranda baş verən etiraz aksiyaları zamanı Mahmud Əhmədinejad insanları hakimiyyətə qarşı mübarizəyə çağırmışdı. Bu mənada, onun namizədliyinin qeydə alınmaması da gözləniləndir.

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında bildirib ki, budəfəki seçkilər daha ağır sosial və iqtisadi problemlər fonunda keçiriləcək. Ekspertin sözlərinə görə, İslam İnqilabından sonra İranda siyasi elita islahatçılar və mühafizəkarlara bölünüb və iki partiya arasında prezidentlik uğrunda yarış gedir:

“Hazırkı prezident islahatçıların namizədi Həsən Ruhani mövcud konstitusiyaya uyğun olaraq iki dəfədən artıq seçilə bilməz. İslahatçıların hakimiyyəti dövründə, yəni 2015-ci ildə nüvə sazişi bağlanılsa da, iki ildən sonra Donald Tramp sazişdən çıxaraq İrana sanksiyalar tətbiq etdi. Məhz bu sanksiyalar İranın iqtisadi və sosial sisteminə, Yaxın Şərqdəki siyasi-hərbi mövqeyinə ciddi zərbə vurdu. Lakin ABŞ Prezidenti Co Baydenin İranla nüvə danışıqlarını bərpa etməsi və sanksiyaların götürülməsi söz-söhbəti islahatçıların mövqelərini möhkəmləndirə bilər. Əgər Vaşinqtonla danışıqlar başlamasaydı, seçkilərdə mühafizəkarların əli güclənəcəkdi. Bu gün İran əhalisi Qərblə əlaqələrin bərpasında və iqtisadi sanksiyaların aradan götürülməsində maraqlıdır. Bu da islahatçıların mövqeyini möhkəmləndirir”. 

Analitik vurğulayıb ki, mühafizəkarların lideri İbrahim Rəisi öndə gedir:

“Seçkilərdə hərbiçilərin iştirakına da şərait yaradılıb. Amma xalqın seçkilərdə fəal olacağı, kütləvi etirazların baş verməsi gözlənilmir. İranda kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ-la nüvə danışıqları davam edəcək. Çünki bu prosesin başında ali rəhbər S.Ə.Xamneyi dayanır. Onun təlimatı və birbaşa razılığı ilə bu danışıqlar davam edəcək. Məqsəd İranın iqtisadi vəziyyətini nisbətən sabitləşdirmək və regionda mövqeyini qorumaqdır. İranın Yaxın Şərq siyasətinə gəldikdə isə rəsmi Tehran əvvəlki mövqeyindən geri addım atacaq. İsrail-Fələstin münaqişəsində rəsmi Tehranın bir qədər aralı dayanması da bu prosesin davamıdır. Yeni prezident Səudiyyə Ərəbistanı və məxfi şəkildə İsraillə danışıqları davam etdirəcək”.