Azərbaycan-Böyük Britaniya əməkdaşlığı: “Yeni mərhələ başlayır”

“Rəsmi Bakı hər cür sınaqdan çıxmağa qadirdir”

“Azərbaycanın hətta iqtisadi siyasəti belə, əməkdaşlıq strategiyası üzərində qurulub”

“Bunu digər Avropa ölkələri də nəzərə almalı və bilməlidirlər”


Böyük Britaniyanın ixracat naziri Qraham Stuart bir neçə gün əvvəl ölkəmizdə səfərdə olub. Prezident İlham Əliyevlə ikitərəfli əlaqələrin inkişafı, habelə Britaniyanın maliyyə, təhsil, İKT, səhiyyə və yaradıcılıq sektorlarında iqtisadiyyatı şaxələndirməklə bağlı bəzi məsələlər müzakirə edilib.  Bu, ikitərəfli əlaqələrin inkişafını, davamlılığını göstərən növbəti və ən əsas faktorlardandır.

 Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan- Böyük Britaniya əlaqələri barədə “Sherg.az”a danışdı: 

“Böyük Britaniya müstəqillik dövründə Azərbaycana ən çox investiya qoyan ölkələrdəndir. Bizim “Britiş petrolium” şirkəti ilə çox mühüm strateji layihələrimiz reallaşır. Beləliklə, Azərbaycan qazı Avropaya çatır. Sözügedən şirkət son vaxtlar alternativ enerji layihələri üzərində çalışır. Bu, Azərbaycanın “Böyük qayıdış” proqramı üçün çox vacib məqamdır.

Çünki dövlət başçısının da dediyi kimi, biz Qarabağın unikal təbiətinə həssaslıqla yanaşmalıyıq.

Azərbaycanın gələcək inkişafı məhz bu strategiya üzərində qurulub. İkinci bir tərəfdən, Britaniya Qarabağda həyata keçiriləcək “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrində iştirak edəcək. Beləliklə, bizim əməkdaşlığımızda yeni- daha yüksək bir mərhələ başlayır. Mən bu tərəfdaşlığı yüksək qiymətləndirirəm”.

A.Mollazadə, həmçinin deyib ki, bu partyorluq digər Avropa ölkələrinə də nümunə olmalıdır:

 “Əməkdaşlığımız Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərir. Biz kifayət qədər beynəlxalq layihələr keçirmişik. Özü də uğurla. Yəni Azərbaycan hər cür sınaqdan çıxmağa qadirdir. Azərbaycanın hətta iqtisadi siyasəti belə, əməkdaşlıq strategiyası üzərində qurulub. Bunu digər Avropa ölkələri də nəzərə almalı və bilməlidirlər”.