Paşinyan Fransanı Ermənistanın əsas müttəfiqi elan etdi: “Rusiya hiddətlənir” 

“Rəsmi İrəvanı ağır günlər gözləyir”



 “Nikol Paşinyan Fransanı Ermənistanın əsas müttəfiqi elan etdi.  Rusiya buna necə dözəcək? Kreml ermənilərdən inciməyəcək?”.
 Bu sözləri siyasi analitik Elçin Xalidbəyli deyib.Analitik bu barədə daha ətraflı “Sherg.az”a danışdı: 
“Rusiya və Ermənistan arasında maraqlı proseslər cərəyan edir. Paşinyan hakimiyyəti Rusiyanı və KTMT-nı Azərbaycana qarşı münaqişəyə çəkməyə çalışır.

Bunu da həm Rusiyanın, həm də KTMT-nın Ermənistan qarşısında hərbi müttəfiqlik öhdəliklərinin olması ilə əsaslandırmağa çalışır. Ancaq Ermənistana qarşı hər hansı hərbi müdaxilə təhlükəsi olmadığından Kremlin patronajlığı altında olan KTMT Paşinyan hakimiyyətinin siyasi şantajına əhəmiyyət vermir. Ancaq son vaxtlar rəsmi İrəvan Rusiyaya qarşı siyasi şantajın miqyasını artıq beynəlxalq səviyyəyə qaldırıb. İndi Paşinyan hakimiyyəti bir tərəfdən "Rusiya və KTMT öz öhdəliklərini yerinə yetirmədi, müttəfiqlərimiz Ermənistana dəstək vermədi" təbliğatına başlayıb. Buna paralel olaraq həm də Ermənistana yeni və etibarlı müttəfiqlər lazımdır" tezisi ortaya atılıb. Digər tərəfdən isə Paşinyan hakimiyyəti ABŞ və Qərblə təmaslarını sıxlaşdırıb. Xüsusilə də, Fransanın tam ermənipərəst mövqeyi rəsmi İrəvanı daha da “şirnikləndirir”. Bu, Paşinyan hakimiyyətini Rusiyanın maraqlarına zidd davranışlara və açıqlamalara həvəsləndirir. Ermənistan baş naziri Paşinyan Fransa səfərində iki dəfə Rusiyanı qəzəbləndirə biləcək açıqlama verdi. Birinci açıqlamada Ermənistanın və ümumiyyətlə, Cənubi Qafqazın Minsk Qrupu həmsədrlərinin regionda daha aktiv olmasına ehtiyacı olduğunu vurğuladı. Ardınca da Fransanın dəstəyindən məmnun olduğunu bildirməklə yanaşı, rəsmi Parisin Ermənistanda hərbi-siyasi və iqtisadi iştirakını artırılmasından danışdı”.

 E.Xalidbəylinin sözlərinə görə, rəsmi İrəvanı ağır günlər gözləyir:

 “Təbii ki, bütün bunlar Rusiyanı qıcıqlandıra biləcək açıqlamalardır. Çünki Ermənistan Rusiyanın forpostu olduğundan Kreml ABŞ və Qərbin, eləcə də, Fransanın bu ölkədə üstün mövqelər qazanmasına imkan vermək istəməz. Üstəlik, bunu məhz Paşinyan hakimiyyətinin təklif etməsi Kremldə xəyanətə bərabər "geopolitik sürüşkənlik" kimi dəyərləndirilir. Artıq Kremlə yaxın siyasi dairələr Paşinyan hakimiyyətini ciddi şəkildə hədəfə almağa başlayıb. Paşinyan hakimiyyətinə Cənubi Qafqazın və Ermənistanın Rusiyaya aid maraq dairəsi olduğu xatırladılır. Rusiyanın regionda baş verənlərə yanaşma tərzində də Ermənistanı çətin vəziyyətə salmaqda olan mövqe dəyişikliyi müşahidə olunur. Yəni Kreml ABŞ və Qərbi, eləcə də Fransanı regional “oyunçu” statusunda Cənubi Qafqaza buraxmaq niyyətində olmadığını qabarıq şəkildə büruzə verir. Sadəcə hələlik Ermənistanın sərt şəkildə cəzalandırılmasına ehtiyac duyulmur. Çünki hesab olunur ki, bütün bunlar yalnız Soros Fondunun hakimiyyətə gətirdiyi Paşinyan hakimiyyətinin siyasi avantüralarıdır. Bu baxımdan Kremlin Ermənistanla bağlı siyasəti növbədənkənar parlament seçkilərindən sonra aydınlaşmağa başlayacaq. Böyük ehtimalla, Paşinyan hakimiyyətdə qalarsa, yaxud yeni gələcək hakimiyyət də eyni xətti davam etdirərsə, bu halda, Ermənistanın cəzalandırılması qaçılmaz ola bilər. Beləliklə, Rusiyanın sayəsində mövcudluğunu hələlik qoruya bilən Ermənistan öz suverenliyini belə, təhlükə altına sala bilər”.