“Ermənistandakı seçkilərdən sonra Rusiya və Paşinyan arasında baş verəcək hadisələr Azərbaycan üçün elə şərait yaradacaq ki, Moskva bizim hər istədiyimizi verməyə məcbur olacaq”.
Bu sözləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
O, seçkilərdən sonrakı vəziyyətlə bağlı daha ətraflı “Sherg.az”a danışdı:
“Paşinyan Rusiyadan açıq şəkildə imtina etdiklərini dediyi gün erməni xalqı üçün uzun və gərgin proseslərin başlanğıcı olacaq. O, qısa müddətli hakimiyyətinə çox böyük işlər sığışdırmağı bacarmaq yolunda inamla addımlayır. Məğlubiyyət erməni cəmiyyəti üçün bir çox ləngidici proseslərdən qurtulmağın əsasını qoydu.
Artıq zəif, lakin azad erməni cəmiyyəti üçün inkişaf yolu açılmışdır, amma Rusiyasız. Rusiyanın onları geri çəkdiyini bilirlər. Tam qurtuluş rusları Ermənistandan çıxarmaqdadır. Ermənistandan ala biləcəyini alıb, sərhədləri müəyyən edib, Zəngəzur dəhlizini açdıqdan, təzminat məsələsinin mahiyyətini dəqiqləşdikdən sonra Azərbaycanın gündəmindən “erməni” sözü düşəcək. Rusiya nəsə şirnikləndirici vədlər verə bilər, amma biz onları zatən almış olacağıq”.
A.Qasımovun fikrincə, bundan sonra daha diqqətli olmaq lazımdır:
“Rusiya regiondan gedəcəkmi? Təbii ki, yox. Hesab edirəm ki, regionun gələcəyi indikindən daha mürəkkəb olacaq: münaqişə tərəfləri artacaq, yeni “oyunçular” “oyun”a girəcək. Azərbaycan qalib olmaq üçün ancaq hərtərəfli güclənməlidir, çünki güclü və stabil olan “sağ qalacaq!”. Rusiyanın Ermənistana verə biləcəyi artıq heç nə yoxdur. Ermənistan da ondan nəsə gözləmir. Bu isə region üçün təhlükəli tendensiyadır. Yeni “oyunçular” məhz buna görə “oyuna” girəcək”.