«Köçəryan və Sarkisyanın “kozır”ı əllərindən alınır»

«Seçkilərdə Paşinyanın qalib gəlməsi Petrosyana daha çox sərf edir»

«Çünki vaxtı ilə “Qarabağ klanı”na qarşı mübarizəni məhz Petrosyan başlatmışdı»


Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan rəhbəri olduğu “Erməni Milli Konqresi” partiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı proqramının təqdimatında çıxış edib. O, deyib ki, Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur və bundan çıxış etmək lazımdır. Petrosyanın sözlərinə görə, bütün siyasi partiyalar Ermənistanın Qarabağ münaqişəsində müttəfiqlərinin olmadığını başa düşə bilmirlər. Lakin insanlar yenə də Amerika, İran və ya başqası istiqamətində ümidlə baxmağa davam edirlər.

 “Eyni səhvi təkrarlasaq, bütün dünya üçün ən acınacaqlı ölkəyə çevriləcəyik. Bunu istəyirik? Təəssüf ki, seçkilər ərəfəsində Ermənistanda nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək istəyən iki qütb yarandı. Hər iki tərəf nəhəng maliyyə, inzibati və kriminal resurslara malikdir və məqsədlərinə çatmaq üçün istənilən addımı atacaqlar. Bu vəziyyətin yaratdığı təhlükələrdən danışmaq istəmirəm”, - deyə Ter-Petrosyan vurğulayıb.

BDU-nun professoru, politoloq Əlimusa İbrahimov sabiq dövlət başçısının sözügedən bəyanatını “Sherg.az”a təhlil etdi:

 “Siyasətçilər uduzmaqlarının səbəbini axtarırlar. Bildiyiniz kimi, Paşinyan dəfələrlə ittiham olundu. İndi müxtəlif bəhanalər axtarırlar. Petrosyan etiraf etdi ki, Ermənistan işğalçı qüvvədir. Kimin müttəfiqi olmaz? Əlbəttə, haqsızın. Bu, tarix boyu belə olub”.


 
Ə.İbrahimov, həmçinin keçmiş prezidentin sözlərinin siyasi motivinə də toxundu:

 “Məlum olduğu kimi, “Qarabağ klanı”nın üzvləri əsas şüar kimi itirilmiş torpaqları qaytarmağı vəd edirlər.  Oxşar açıqlamalar isə insanları revanşist meyillərdən çəkindirir  və Köçəryanın, Sarkisyanın əlindəki “kozır”ı əllərindən alır. Məsələ ondan ibarətdir ki, seçkilərdə Paşinyanın qalib gəlməsi Petrosyana daha çox sərf edir. Çünki vaxtı ilə “Qarabağ klanı”na qarşı mübarizəni məhz Petrosyan başlatmışdı. Əlbəttə, Fransa, Rusiya Ermənistana yardım edirlər. Amma bu, situativ dəstəkdir. Onlar Qarabağ məsələsində Ermənistanın müttəfiqi deyillər. Kimsə haqsızı haqlı kimi qəbul edə bilməz”.