Bundan sonra məmurların bir-bir adları çəkiləcək


Millət vəkilləri onların müraciətlərinə cavab verməyən vəzifəliləri tənqid etəşinə tutdular

Dünən Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk plenar iclası keçirilib. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Millət vəkilləri gündəlikdən əlavə cari məsələlərlə bağlı da çıxışlar ediblər. Əvvəlcə parlament sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri ilə bağlı məlumat verib. Spiker bildirib ki, mayın 31-dən iyunun 4-dək rəhbərliyimlə parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak etmək üçün Pakistanda rəsmi səfərdə olub.

Sədr bildirib ki, konfransın gedişində Pakistan prezidenti və baş naziri hər biri ayrı-ayrılıqda bütün nümayəndə heyətləri ilə görüşlər keçirib. Görüşlər zamanı torpaqlarımızın 30 ilə yaxın erməni işğalı altında olması, erməni vandalların torpaqlarımızı, evlərimizi viran qoyması, işğala son qoyulduqdan sonra mülki şəxslərin, hərbçilərin ermənilərin basdırdığı minalara düşməsi kimi faktlar görüşlərdə qarşı tərəflərin diqqətinə çatdırılıb. Bildirilib ki, dost və qardaş ölkələr olan Azərbaycan və Pakistan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. S.Qafarova iyunun 4-də Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin ölümündən kədərləndiyini də bildirib: “Pakistanda səfərin son günündə bu barədə məlumatları diqqətə çatdırdım”.

“Ermənistan bir daha göstərdi ki, canidir, cinayətkardır”

Deputat Jalə Əliyeva deyib ki, ötən həftə yenə erməni cinayətkarlığının şahidi olduq. İki jurnalist öz peşə fəaliyyətini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldi: “Dünyanın gözü qarşısında erməni vandalizmi yaşandı. Buna görə təkcə Ermənistan deyil, Şərqdən Qərbə qədər ermənilərə dəstək verənlər günahkardır. Ermənistana qahmar çıxanlar Ermənistanı öz öhdəliyini yerinə yetirməyə məcbur etmirlər. Elə ATƏT-in aidiyyəti institutu da günahkardır. Baş verən hadisə Ermənistan qədər beynəlxalq təşkilatların da üzərinə məsuliyyət qoyur. Ermənistan bir daha göstərdi ki, canidir, cinayətkardır. Canları yenə də dəmir yumruq istəyir. Əgər bunu istəmirlərsə, təcili olaraq minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidirlər”.

“Nazirliklərdə bizi heç qəbul etmirlər”

Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, deputat öz fəaliyyətini fasiləsiz həyata keçirə bilməlidir və deputat sorğusunun növü müəyyənləşdirilməlidir: “Nazirliklərə gedən məktublara reaksiya verilməsində ciddi problemlər var. Cəmiyyətdə qanunverici orqanın nüfuzunu artırmalıyıq. Millət vəkillərinin heç birinə adi telefon kitabçası verilmir. Nazirlər Kabinetinin, Prezident Administrasiyasının, nazirliklərin telefonları bizdən gizlidir. Deputat ancaq sorğu əsasında sual verə, məsələ qaldıra bilər. Nazirliklərdə bizi heç qəbul etmirlər. Köməkçi telefonu açır, deyir əlaqə saxlayacağıq”.

“Bundan sonra adlarını da çəkəcəyəm...”

Millət vəkili Qənirə Paşayeva çıxışı zamanı bəzi məmurları sərt tənqid edib. Deputat bildirib ki, hökumət qarşısında qaldırdığı məsələlərə nə yazılı, nə şifahi cavab alır: “Burada bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır. Çünki bəzi məsələləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, bunu 3 dəfə qaldırmısınız, daha qaldırmayın. Bunu demək doğru deyil. Mənim burada hansı məsələni qaldıracağımı hansısa məmur müəyyən etmir, seçicilərim müəyyən edir. Seçicim mənə müraciət edir ki, I Qarabağ müharibəsi qazisidir, əlində məhkəmə kağızı var, amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm, deyirlər baxılacaq. Nə vaxt baxılacaq, niyə baxılmır? Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inansın”. Deputat Göytəpə arxeoloji parkının qurulmamasından da şikayət edib: “Halbuki, bununla bağlı Prezidentin sərəncamı var. Dövlət məmuru öncə insanla, vətəndaşla danışmağı öyrənməlidir. Deputatla danışanda üslüblarına diqqət etsinlər. Bundan sonra onların adlarını da çəkəcəyəm”.

“Tikintidə işləyənlə müəllimin pensiya yaşının eyni görülməsi düzgün deyil”

Deputat Siyavuş Novruzov deyib ki, pensiya yaşının müəyyənləşdirilməsi ilə bağlı yeniliklər etməliyik: “Tikintidə işləyənlə müəllimin pensiya yaşının eyni görülməsi düzgün deyil. 65 yaşında insan tikintidə fəhlə işləyə bilməz. Burada yanaşma tərzi dəyişdirilməlidir. Ağır sahədə çalışan insanlar üçün yaş həddi digərləri ilə eyni tutulmamalıdır. Əlilliyi ləğv olunan insanlarla bağlı addımların qəti əleyhinəyəm. Onlara heç olmasa 2 ay kompensasiya verilməli, iş yeri müəyyən edilməlidir. Bu gün bu insan təqaüd alır, səhər bunu ləğv edirlər. Bu insanın dolanışığı bu təqaüdlədir. Dövlətimiz işləməyənlərə 190 manat verdiyi bir vaxtda biz insanların evinə gələn çörək pulunu kəsməyə başlamışıq. Bu məsələdə ciddi iş aparılmalıdır. Onların böyük hissəsi sosial pensiyaya yönəldilməlidir. İkincisi, əlilliyin dəqiqləşməsində problemlər var, bu proses çox çətin gedir”. S.Novruzov Qarabağda döyüşməyən şəxslərin Qarabağ əlillərinin adından istifadə etməsinin cəmiyyətdə çox böyük problemlər yaratdığını da qeyd edib: “Onlar ola bilər avtomobil qəzasında əlil olublar. Onlar da əlildir. Amma Qarabağ əlillərinin reyestrinin yaradılmaması bu kimi hallara gətirib çıxarır”.

“Əlilliklə bağlı 60 qanuna 197 dəyişiklik ediləcək”

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, pensiya və müavinətlər orqanizmin funksiyalarının pozulma faizinə uyğun şəkildə artırılacaq. Deputat bildirib ki, burada əsas məqsəd əlillik təyinatında ünvanlılığın, şəffaflığın, sosial ədalətin təmin edilməsidir: “Dəyişiklik qəbul ediləndən sonra ənənəvi 3 əlillik dərəcəsi deyil, orqanizmin funksiyalarının 30 faizdən yuxarı itirilməsinə görə qiymətləndiriləcək. Bu dəyişikliyin əhəmiyyəti ondan ibarətdir ki, mövcud 3 əlillik dərəcəsi əlilliyə münasibətdə diferensiallıq tətbiq etmək üçün kifayət etmir. Yaxın gələcəkdə sosial müavinət və pensiya təminatının faizlər səviyyəsində dəqiq diferensiallaşdıırlmasına imkan yaradılacaq. Bu dəyişikliklər zərfi qəbul edildikdən sonra "Sosial müavinətlər” və "Əmək pensiyaları haqqında” qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə aparılacaq islahatların növbəti mərhələsində pensiyaların və müavinətlərin orqanizmin funksiyalarının pozulma faizinə uyğun şəkildə artırmaqla, əlilliyi olan şəxslərin sosial müdafiəsini, daha ədalətli və etibarlı şəkildə təmin edə biləcəyik".

“Burda söz deyəndə bəzi məmurların acığına gəlir”

Deputat Tahir Kərimli deyib ki, bu gün Azərbaycanın dövlət büdcəsi heç olmasa məcmu daxili məhsulumuz qədər olmalı idi: “Elə şeylər var ki, beynəlxalq bazarla bağlayırıq, inflyasiya ilə əlaqələndiririk. Xalqa verdiyimiz əmək haqqı, pensiya gələndə, ondan 10 dəfə aşağısını veririk. Əgər deyilirsə ki, bu ölkədə korrupsiya olmamalıdır, süni bahalaşma olmamalıdır, deməli, olmamalıdır. Pandemiya səbəbilə biz kəndlərdə, rayonlarda seçicilərin qabağına çıxa bilmirdik, indi çıxacağıq. Siz gedin çıxın o xalqın qabağına. Biz parlamentarilər bu yükü üzərimizə götürürük. Burda söz deyəndə də bəzi məmurların acığına gəlir”. Deputat qeyd edib ki, SSRİ dönəmində bizim mükəmməl təhsilimiz, o cümlədən peşə təhsilimiz olub: “Hamısını yıxıb dağıtdıq. “Ali təhsil haqqında” qanunu 10 ilə qəbul edirik. Bizim təhsilimiz, elmimiz olmadan irəli gedə bilmərik. Elm-təhsil sahəsində ancaq geri getmişik. Azərbaycan Şərqdə, müsəlman dünyasında əvvəllər öncül yerlər tutub”. 

“Qeyri-neft məhsullarının Pakistan bazarına çıxmasına səy göstərilməsini xahiş edirəm”

Parlament üzvü Tahir Mirkişili deyib ki, qeyri-neft məhsullarımız Pakistan bazarına çıxarılmalıdır: “Azərbaycanın geosiyasi və geoiqtisadi resursları bütövlükdə regionun inkişafı üçün həlledici amilə çevrilib. Pakistan-Azərbaycan dostluq münasibətləri yüksək inkişaf edir. Bu gün 44 günlük müharibə regionda reallıqları tamamilə dəyişib”.

“30 il də minalanmış ərazilərin xəritələrini tələb edəcəyik?”

Deputat Qüdrət Həsənquliyev hökumətin işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarılması ilə bağlı planının olub-olmadığını soruşub. Onun sözlərinə görə, belə planın açıqlanmaması təxribatlara, şayiələrə yol açır: “Hökumət minalardan təmizlənmənin nə qədər çəkəcəyi barədə ictimaiyyətə açıqlama verməlidir. Uzun müddətdir, minalanmış ərazilərin xəritələrini tələb edirik. Amma biz erməni xislətinə bələdik. 30 il tələb etdik ki, işğal etdikləri ərazilərdən çıxsınlar, çıxmadılar. Bir 30 il də minalanmış ərazilərin xəritələrini tələb edəcəyik? Hökumət görüləcək işləri, əhalinin işğaldan azad edilmiş ərazilərə hansı mərhələlərlə qaytarılacağını açıqlamalıdır”.

“Azərbaycan XİN həmsədrlik institutunun ləğvini istəməlidir”

Deputat Fəzail Ağamalı isə qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Minsk qrupuna müraciət edərək, həmsədrlik institutunun ləğvini istəməlidir: “Fransa son hadisələrdə də susqunluq nümayiş etdirdi. Minsk qrupu yenə danışmadı, münasibət ortaya qoymadı. Ona görə də bu qurumun ləğvini tələb etməliyik”.