"Levon Ter-Petrosyanın bəyanatı siyasi xarakterlidir"
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan rəhbəri olduğu “Erməni Milli Konqresi” partiyasının növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı proqramının təqdimatını keçirib. O, şıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur və bundan çıxış etmək lazımdır.
Onun sözlərinə görə, praktiki olaraq ölkənin bütün siyasi partiyaları Dağlıq Qarabağ münaqişəsində Ermənistanın müttəfiqi olmadığını anlaya bilmir və insanlar hələ də gah Amerika, gah İran, gah da digər hansısa istiqamətlərə ümidlə baxmağa davam edirlər. O vurğulayıb ki, biz eyni səhvləri təkrarlasaq, bütün dünya üçün ən zavallı ölkəyə çevriləcəyik.
Eks-prezident bildirib ki, seçki ərəfəsində Ermənistanda hansı yolla olur-olsun hakimiyyətə gəlmək istəyən iki qütb formalaşıb: “Hər iki tərəf böyük maliyyə, inzibati və kriminal resurslara malikdir və məqsədinə çatmaq üçün istənilən addımı atacaq. Bu situasiyanın yaratdığı təhlükələr haqqında danışmaq istəmirəm”.
Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, sabiq erməni prezidentinin bu bəyanatı siyasi xarakterlidir. O qeyd edib ki, bütün bu fikirlər Paşinyanın xarici siyasətini tənqid etməyə hesablanıb:
"Ermənistanda seçkilər və seçki prosesi heç şübhəsiz Azərbaycanda böyük maraqla izlənilir. Məlum olduğu kimi, bir neçə müddətdir ki, bütün tərəflərdən maraqlı bəyanatlar səslənməkdədir. Hesab edirəm ki, sabiq erməni prezident Levon Ter-Petrosyanın bu bəyanatı da siyasi xarakterlidir. Çünki Levon Ter-Petrosyan nə Paşinyan, nə də Koçaryan komandasında yer ala bilmədi. Məhz bu səbəbdən səsləndirdiyi bəyanatlarında gah nala, gah da mıxa vurur. Fikrimcə, Levon Ter-Petrosyanın, guya, Ermənistanın təkləndiyi və heç kimin müdafiə etməməsi haqda fikri də Paşinyanın xarici siyasətini tənqid etməyə hesablanıb. Düşünürəm ki, düşmən ölkədə bütün suallar seçki ilə aydınlaşacaq. Təbii ki, prosesin necə gedəcəyi isə bundan sonra aydın şəkildə bilinəcək".