Məhəmməd Əsədullazadə: "Bu prinsiplər Ermənistanın siyasi təxribatlarının qarşısının alınmasında böyük rol oynayacaq"
Xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə səfərdə olan ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşü baş tutub. Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib. Görüşdə ABŞ rəsmisi Filip Riker Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu qeyd edib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb. F.Riker ABŞ-ın regional maraqlarını və bölgədə mövcud çağırışların cavablandırılmasına yardımçı olmaq istəyini ifadə edib.
Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib. O, həmçinin bu yaxınlarda iki jurnalist və bir rəsmi şəxsin mina partlayışı nəticəsində dünyasını dəyişməsi ilə əlaqədar təəssüf hissini ifadə edib. F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk qrupunun həmsədri qismində səylərə istinad edib.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, ABŞ dövlət katibinin köməkçisi Filip Rikerin Ermənistanla Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyasını sovet dövrünün xatirələrinə uyğun həyata keçirilməsini qeyd etməsi Vaşinqtonun bu məsələdə Azərbaycana dəstəyinin ifadəsidir:
"Rusiya və ABŞ bu məsələdə məhz Sovet dövründə xəritələrdən istifadəni önə çəkir. Fransa isə burada yalnız Ermənistana dəstək verir. Əslində bu, Azərbaycan üçün həlledici faktor deyil. Çünki ABŞ-Azərbaycan arasında yeni münasibətlərin inkişafı gözlənilir.
Ölkəmizə 120 milyon dollar hərbi yardım, 907-ci düzəlişin bir illik dayandırılması Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycan xüsusi əhəmiyyət daşıyır. ABŞ üçün Cənubi Qafqaz Mərkəzi Asiyaya açılımı və Rusiyanın regionda mövqeyini zəiflətməkdir".
M.Əsədullazadə əlavə edib ki, Azərbaycan üçün ABŞ-ın sərhəd məsələlərində dəstəyi prinsipial olaraq Ermənistanın bu məsələdə siyasi təxribatlarının qarşısının alınmasında böyük rol oynayacaq.