Taktika dəyişdi

"Əsir götürülmüş erməni hərbçini dərhal Ermənistana qaytarmaqla dünyaya mesaj verdik"


İyunun 8-i günorta saatlarında Müdafiə Nazirliyi Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun ərazilərimizə daxil olduğunu bildirmişdi. Lakin daha sonra aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb.

Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb. Lakin daha sonra onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən edilib. Qeyd olunanlar nəzərə alaraq Kartanyan qarşı tərəfə təhvil verilib. Bununla, Azərbaycan tərəfi humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edib. 

Nazirliyin açıqlamasını “Şərq”ə təhlil edən politoloq Turab Rzayev bildirib ki, əsir götürülmüş erməni hərbçini dərhal Ermənistana qaytarmaqla dünyaya mesaj verdik. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan tərəfi sadəcə cinayət törətmiş, terrora bulaşmış erməni hərbçilərini həbsdə saxlayır və mühakimə edir:

“Mesaj odur ki, rəsmi Bakı həqiqətən diversiya əməliyyatı icra edən, ərazimizə mina basdıran, kəşfiyyat aparan düşmən əsgərlərini cəzalandırır. Heç bir cinayət törətməmiş erməniləri isə hətta yollarını azaraq Azərbaycan ərazilərinə keçsələr belə geri qaytarırıq. Bu, həm dünyaya, həm də Ermənistan cəmiyyətinə mesaj idi. Göstərdik ki, sırf ermənidir, yaxud hərbçidir deyə kimisə əsir götürmürük. Yeganə məqsədimiz odur ki, bizə qarşı hərbi əməliyyatlara cəhd edilməsin, torpaqlarımıza mina basdırmasınlar, sərhədimizi keçməsinlər, diversiya olmasın. Əsirin geri qaytarılması buna hesablanmış addım idi. Müdafiə Nazirliyinin ilkin açıqlamasına gəldikdə isə bunun taktiki məsələ olduğunu düşünürəm. Bəzi məqamlarda nazirliyin açıqlamalarında dəyişiklik edilməsi mümkündür. Görünür, taktika dəyişdiyi üçün əsir geri qaytarılıb və cəmiyyətə ikinci açıqlama verilib”.