Ankara və Moskva anlaşdı: Türkiyənin Qarabağla bağlı şərtləri nələrdir?

“Lavrovun açıqlamalarından sonra Rusiya XİN məlumat yaydı: Ankara və Moskva Qarabağdakı vəziyyəti müzakirə edib, atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib və Cənubi Qafqazda kommunikasiyanın bərpası işlərinin davam etdirilməsi ilə bağlı razılığa gəliblər”.


Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı söyləyib.

Analitik qeyd edib ki, Bayden-Ərdoğan görüşündən öncə belə bir məlumatın yayılması bölgəyə qayıtmaq üçün hərəkətə keçən ABŞ-a ünvanlanmış mesajdır:

“-Moskva Qarabağda Minsk qrupu formatının “dirilməsini” istəmir və atəşkəsi Türkiyə ilə birlikdə təmin edir: bu, Lavrovun “rus sülhməramlılarını tərifləməsi, Bakı və İrəvanın da razı olduğu” fikrinin davamıdır.

- Rusiya ABŞ-ın bölgədə kommunikasiyanın açılması prosesinə qoşulmasını istəmir və Vaşinqtonun istədiyi Zəngəzur dəhlizini Türkiyə ilə birlikdə həyata keçirəcək”.

A.Nərimanlı vurğulayıb ki, Türkiyə Rusiya-ABŞ seçimində birinci ilə anlaşırsa, bu, Moskvanın Ankaranın şərtlərini də qəbul etdiyi ehtimalını gücləndirir:
“Ortaq razılaşma kommunikasiyanın bərpasının davam etdirilməsidir: Ankara və Moskva bölgəni Vaşinqtona verməyəcək.
Məsləhətləşmələr Qarabağla bağlıdır və burada Ankaranın istəklərinin nə ola biləcəyi sualı önə çıxır:
Birincisi, Qarabağda üçtərəfli razılaşmanın 4-cü bəndi – erməni qoşunların çıxarılması icra edilməlidir: Ermənistanda seçkidən sonra bu prosesin yekunlaşacağı istisna deyil.
İkincisi, Türkiyə sülhməramlı missiyasında patrul xidmətini həyata keçirmək istəyir: ikitərəfli məsləhətləşmələrdə Monitorinq Mərkəzinin fəaliyyətinin də müzakirə edilməsi bu versiyanı gücləndirən detaldır.

- Monitorinq Mərkəzinin yaradılması ərəfəsində aparılan danışıqlarda Türkiyə bu məsələni masaya gətirmişdi, lakin ruslar Qarabağdakı ermənilərin istəməyəcini əsas gətirərək, razılaşmadı. Ankara məsələni müvəqqəti arxa plana keçirmişdi. İndi Moskva Qərbin Qarabağda üçtərəfli razılaşmaları təftiş etdiyi vaxt Ankaranın bu şərtini qəbul edə bilər; bu, Qərbin Moskvanın qarantı olduğu üçtərəfli razılaşmanı pozmaq istəyinə qarşı Ankara ilə birlikdə hərəkət etmək baxımından ruslara lazımdır.

- Erməni qoşunları çıxırsa və Türkiyə sülhməramlı kontingentin tərkibində ruslarla eyni sayda təmsil olunursa, bu, azərbaycanlıların sülhməramlıların nəzarətindəki bölgəyə qayıdışına da şərait yarada bilər. Bu ilin yanvarında Ərdoğan Putinlə telefon söhbətində “Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır” sözləri də Türkiyənin istəyinin bu olduğunu göstərir.

Üçüncüsü, sərhədlərin müəyyənləşməsi məsələsində “beynəlxalq müşahidəçi” təklifi reallaşarsa (istisna deyil), bu, Minsk qrupu formatında olmayacaq və müşahidəçilər arasında Türkiyə də olacaq.

Regionda yaranmış şərtlər Bakı-Ankara cütlüyünün əlini daha da gücləndirir və Ərdoğanla Əliyevin bu fürsətləri qaçırmayacağı gözləniləndir”.