Ərdoğan NATO sammitində minalanmış ərazilərin xəritəsi məsələsini qaldıracaq

"Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Ermənistanın təhlükəli mövqeyini bilməlidir"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində və Azərbaycana səfəri zamanı Ermənistanın mina xəritələrini verməməsilə bağlı məsələni gündəmə gətirəcəyini bildirib. Türkiyə lideri vurğulayıb ki, Ankara problemin həllinin tapılması üçün bütün dəstəyini verəcək. Həmçinin, Ərdoğan vurğulayıb ki, Şuşada Azərbaycanla Türkiyə arasında böyükmiqyaslı müqavilə imzalanacaq. Dövlət başçısı bəyan edib ki, öncə Füzuliyə, oradan da ölkə rəhbəri İlham Əliyevlə birgə Şuşaya səfər edəcək: “Şuşada böyükmiqyaslı müqavilə imazalanacaq. Bu, Türkiyə ilə Azərbaycan arasında ən böyük müqavilələrdən biri olacaq”. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə vurğulayıb ki, Türkiyə-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Deputat qeyd edib ki, dünyada bizim qədər bir-birinə yaxın başqa iki dövlət yoxdur:

“Qardaş Türkiyə ilə əlaqələrin inkişafında hörmətli Ərdoğanla cənab İlham Əliyevin rolu danılmazdır. Türkiyə 44 günlük Vətən müharibəsində birmənalı Azərbaycanın yanında oldu. Qardaş ölkə Azərbaycanın haqlı mövqeyini hər şəraitdə dəstəkləyib və hər zaman dəstəkləyəcəyini bəyan edib. Türkiyə Ermənistanın Azərbaycana qarşı təcavüzünü sərt şəkildə qınayan ölkələrin başında durub. Hörmətli Ərdoğanın minalanmış ərazilərin xəritəsi ilə bağlı məsələni də NATO sammitində qaldırması çox mühüm təşəbbüsdür. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar xəritə məsələsində Ermənistanın təhlükəli mövqeyini bilməlidir”. 

Parlament üzvü bəyan edib ki, son dönəmdə Azərbaycanla Türkiyə arasında bir çox vacib sənəd imzalanıb və geniş müzakirələr aparılıb:

“Gözlənilir ki, budəfəki səfər çərçivəsində iki ölkə arasında mühüm sahələrdə əməkdaşlıq sənədləri imzalanacaq. İndiki dövrdə güclü Türkiyənin dəstəyi Azərbaycan üçün xüsusi önəm daşıyır. Çünki Ermənistan ciddi canfəşanlıqla Qərbin dəstəyini almağa çalışır. Ələlxüsus Fransa birmənalı Ermənistanı dəstəkləyir. Bu baxımdan Azərbaycanla Türkiyənin bir yerdə olması ölkəmizin faydasınadır. Həm də ölkəmizə qarşı təhdidlərin qarşısının alınmasında önəmli amildir. Azərbaycan zaman-zaman müxtəlif dövlətlərin təzyiqinə məruz qalır. Ölkəmizə qarşı müxtəlif iddialar irəli sürürlər. Belə məqamda Türkiyənin qətiyyətli mövqeyi, rəsmi Bakını birmənalı dəstəkləməsi, maraqlarımızı qoruması Azərbaycanın mövqeyini daha qüvvətləndirir. Bu baxımdan qardaş ölkənin yanımızda dayanması həyati əhəmiyyət kəsb edir”. 

C.Məmmədov vurğulayıb ki, iki ölkə arasında yeni sazişlərin imzalanması bizi bir-birimizə bağlayan bağları daha da möhkəmlədəcək:

“Türkiyə ilə hərbi və iqtisadi sahədə sıx əməkdaşlığımız var. Azərbaycan Türkiyəyə böyük məbləğdə sərmayələr yatırır. Eyni zamanda Türkiyə şirkətləri Azərbaycanda, xüsusən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərində fəal iştirak edirlər. Atılan bütün addımlar iki qardaş ölkənin vəhdətini formalaşdırır”.