Keçmiş baş nazir Zəngəzur dəhlizində olduğu kimi 7 kənd mövzusunda da manipulyasiya etməyə çalışır
Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Gədəbəydəki Başkənddən danışıb. Paşinyan Tavuş vilayətinə səfəri zamanı Qazaxın 7 kəndi ilə Gədəbəyin ərazisində yerləşən Başkənd kəndini dəyişməyi təklif edib: “Hazırda situasiya dəyişməz olaraq qalır. Niyə? Çünki bizim də Başkənd kəndimiz Azərbaycanın nəzarəti altındadır. Bizim məntiqimiz belədir – anklav anklavla dəyişdirilməlidir və onların nəzarətində olan ərazi onlara, bizim nəzarətimizdə olan ərazi isə bizə qalmalıdır”.
Politoloq, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov “Şərq”ə bildirib ki, Paşinyanın Başkəndlə bağlı sərsəm açıqlamasının bir neçə səbəbi var. Analitikin sözlərinə görə, Paşinyan müxalifətdə olarkən Ermənistandakı radikal millətçilik və faşizm elementlərini tənqid edirdi. Lakin özü hakimiyyətə gəldikdən sonra Ermənistanın təlim-tədris prosesində və öz şüarlarında radikal erməni millətçiliyi və qəsbkar faşizm ideologiyasını daha da möhkəmləndirdi:
“Hazırda həmin radikal erməni millətçiliyi şüurunda olan siyasi kəsim arasında özünə xal qazanmaq və seçki öncəsi dividend əldə etmək üçün bu cür populist açıqlamalar verir. Paşinyanın birinci hədəf rakursu və kontingenti məhz həmin kütlədir.
İkinci səbəb isə ondan ibarətdir ki, Paşinyan başa düşür ki, sərhədlərin demarkasiya və delimitasiya məsələsi mütləq və aktualdır. 20 iyun seçkisindən sonra bu təkcə Azərbaycan tərəfindən deyil, 10 noyabr bəyanatının qarantorlarından olan Rusiya tərəfindən də tələb ediləcək. Onsuz da Rusiya siyasi elitasında təmsil olunan yüksək vəzifəli məmurlar, XİN rəhbəri, baş naziri sərhədlərin müəyyənləşməsi ilə bağlı yekun rəylərini ortaya qoyublar. Sovet dönəmində olan xəritələrdə Qazaxın 7 kəndi məhz Azərbaycan ərazisi kimi göstərilir. Ermənistan Qarabağı işğal edərkən Azərbaycanın Qərb bölgəsində, Gəncə-Basarda da müxtəlif təxribatlar törədib, mülki insanlara qarşı terror həyata keçirib. Qazaxın 7 kəndinin də işğalı məhz həmin kontekstdə baş verib”.
T.İsmayılov bəyan edib ki, sərhədlərin dəqiqləşdirilməsi labüd olduğuna görə, Paşinyan bu məsələdən qaça bilməyəcəyini anlayır:
“Zəngəzur dəhlizində olduğu kimi 7 kənd mövzusunda da manipulyasiya etməyə çalışır. Lakin Paşinyanın Başkəndlə bağlı söylədiklərinin heç bir hüquqi əsası yoxdur. Sərhədlər dəqiqləşdirildikdən sonra Paşinyanın ümumiyyətlə iqtidarda qalması və Ermənistanın yarım vassal vəziyyətində olan “dövlət sütunları”nı ayaqda saxlaması üçün Azərbaycan və Türkiyə ilə münasibətlər qurması zəruridir. Əks halda Ermənistan təxribatçı xətti davam etdirərsə, olan-qalan dövlətçilik ənənəsi də tamamilə sıradan çıxacaq”.