Şuşada prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında maraqlı dialoq olub. Dövlət başçımız əli ilə Xankəndini göstərib və Ərdoğanın “Otel ordadır?” sualına əminliklə “Orda da olacaq” deyib. Əlbəttə, bu, həm də siyasi mesajdır.
Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a açıqlamasında bunun təsadüfi olmadığını dedi:
“Ərdoğan müdrik siyasətçidir. O, nəyin harda olduğunu bilmir? Əlbəttə, bilir. Bu, sadəcə Rusiyaya və Ermənistana mesaj idi. Liderlər növbəti hədəfin Xankəndi olduğunu bildirdilr. Əslində ismarıc vaxtında verildi. Çünki cəmiyyətdə Xankəndi ilə bağlı narahatlıq var idi. Hətta, ola bilsin, ssenari əvvəlcədən hazırlanıb”.
Ə. Məmmədli Xankəndiyə qayıtmağın yolunu da izah etdi:
“Bu, Ermənistanın mövqeyindən asılıdır. Eyni zamanda Azərbaycan və Türkiyə Rusiyaya təzyiq göstərməlidir. Əgər biz Moskvanın başının üzərindəki “Domokl qılıncı” olsaq, Kreml güzəştə gedəcək. Əks halda isə özü şərtlərə diktə etməyə çalışacaq”.