“Ermənistan XİN-i ingilis dilində (mütləq ki) bütün dünyaya çağırış xarakterli bəyanat yayıb ki, Şuşaya Azərbaycan və Türkiyə prezidentlərinin səfəri bölgədəki sabitliyə zərər verir. Bütün dünyaya, bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı ərazi üçün müraciət edirlər...”
Bu sözləri hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
Siyasi analitik Samir Hümbətov rəsmi İrəvanın sərsəm açıqlaması barədə “Sherg.az”a danışdı:
“Şər-böhtan yaymaq Ermənistan üçün adi hala çevrilib. Siyasətçilərin “əlləri yerdən-göydən üzülsə də” seçkiqabağı vəziyyətdə “dil boğaza qoymamağa” məhkumdurlar. İndi üç əsas namizəd var: Petrosyan, Köçəryan və Paşinyan. Petrosyan artıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və deyir ki, ağıllı siyasətçi Bakı ilə növbəti qarşıdurmaya getməz. Çünki “Şuşa bəyannaməsi”nə əsasən kimsə Azərbaycana müdaxilə etsə, qarşısında Türkiyəni görəcək. Paşinyan özü də həqiqəti başa düşür, amma etiraf edə bilmir. Köçəryan isə sadəcə Rusiyaya xoş gəlməyə çalışır. Səslənən bəyanatlar, o cümlədən XİN-in açıqlaması seçkilər ərəfəsində ictimai rəyə təsir etməyə hesablanıb”.
Analitik, həmçinin proseslərin bundan sonrakı inkişafı barədə də proqnozlarını bölüşdü:
“Seçkilərdən sonra yekun sülh müqaviləsinin hazırlanmasına başlanılacaq. Düzdür, bu, xeyli vaxt-aylar, illər tələb edə bilər. Lakin istənilən halda prosesə start veriləcək”.