ABŞ-ın mina xəritələrinin qaytarılması ilə bağlı vasitəçiliyi Azərbaycanın xeyrinədir
"Birincisi, Azərbaycan bölgədə Rusiyanın vasitəçiliyi qarşısında alternativ imkanı qazandı və bu, diplomatik danışıqlarda istifadə edilə biləcək rıçaqlardan biri ola bilər"
Prezident İlham Əliyev Şuşaya səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yolboyu söhbətində bir çox məqamlara toxunub. Prezident qeyd edib ki, Qarabağ ərazisi minalarla doludur və buradan sağa-sola getmək olmaz. O diqqətə çatdırıb ki, 15 əsir verərək, Ağdam rayonunun bütün mina xəritələri alınıb. Ərdoğanın – “Dedikləri yer doğru çıxdı”, – sualına İlham Əliyev – “Doğrudur. Çünki amerikalılar zamin durdular. Tək bir rayonda 97 min mina basdırılıb”, – cavabını verib. Azərbaycan Prezidenti onu da qeyd edib ki, bu minalardan 54 mini tank, qalanları isə piyada əleyhinədir.
Siyasi-şərhçi Asif Nərimanlı "Şərq"ə Ağdamın mina xəritəsinin alınması prosesində ABŞ-ın vasitəçilik etdiyi məsələsindən söhbət açıb. Analitik qeyd edib ki, 15 erməni diversanta qarşı mina xəritəsinin alınması prosesində ABŞ-ın vasitəçilik etdiyi Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunurdu və Prezident İlham Əliyev də Şuşa səfəri zamanında bunu təsdiqlədi:
"ABŞ bu məsələdə vasitəçilik etməklə bölgəyə qayıtmaq istəyir və belə demək mümkünsə, ilk addımı atmış oldu. Çünki müharibədən sonra bütün məsələlərdə vasitəçiliyi öz üzərinə götürən Rusiya mina xəritələrində heç nə edə bilmədi, yaxud da etmək istəmədi. ABŞ Rusiyanın edə bilmədiyini etməklə bölgədə vasitəçilik edə biləcəyini nümayiş etdirdi və tərəflər arasında nüfuzunu artırmış oldu. ABŞ-ın bu vasitəçiliyi bölgədə Rusiyanın vasitəçiliyinə kiçik də olsa alternativ addım idi. Və Azərbaycan bundan həm də Rusiya qarşısında alternativin olduğu faktı kimi isifadə edə bilər. Prezidentin Şuşada ABŞ-ın vasitəçiliyini vurğulaması da mesaj hesab oluna bilər. Lakin bu prosesdə əsas məqam mina xəritələri və erməni diversantlar məsələsinin humanitar fəaliyyət kateqoriyasına daxil olmasıdır".
A.Nərimanlı vurğulayıb ki, ABŞ və Fransa Minsk qrupunun yenidən dirildilməsi və yeni danışıqlar masasının qurulması istəklərini dilə gətirmişdi:
"Bu ölkələrin məqsədi münaqişənin həlli zamanı uzaq düşdükləri bölgəyə yenidən qayıtmaqdır. Azərbaycan bunu qəbul etmir və Minsk qrupunun humanitar fəaliyyət göstərə biləcəyini, iki ölkə arasında normallaşma prosesində iştirak edə biləcəyini açıqlamışdı. Prezident İlham Əliyevin də ABŞ-a Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etmək çağırışı etmişdi. Bu baxımdan, ABŞ-ın mina xəritələrinin alınmasında vasitəçilik etməsi bir neçə aspektdən vacibdir. Birincisi, Azərbaycan bölgədə Rusiyanın vasitəçiliyi qarşısında alternativ imkanı qazandı və bu, diplomatik danışıqlarda istifadə edilə biləcək rıçaqlardan biri ola bilər. İkincisi, Minsk qrupunun bundan sonrakı fəaliyyəti üçün Azərbaycanın istədiyi, təklif etdiyi formada presedent yarandı.
Bu, Minsk qrupunun Azərbaycanın istədiyi formatda fəaliyyəti deməkdir. Üçüncüsü, ABŞ da bölgəyə Azərbaycanın istədiyi kimi, humanitar fəaliyyət çərçivəsində gəldi. Bütün bunlar münaqişənin bitdiyi, gələcəyə baxmağın lazım olduğu reallığının Qərbdə də qəbul edildiyini deməyə əsas verir".