Ancaq Bayden açıqlamasında tam haqlıdır
"ABŞ və Qərbin sanksiyaları hazırda Rusiya iqtisadiyyatını çox pis hala salıb"
İyunun 16-da Cenevrədə Rusiya-ABŞ danışıqları baş tutub. İki dövlətin liderləri bir sıra mühüm məsələləri müzakirə ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Exo Moskva" radiostansiyasının efirində prezidentlərin Cenevrədə baş tutan görüşün müsbət keçdiyini səsləndirib. Qeyd edək ki, Rusiya və ABŞ liderlərinin görüşü gözlənilənlərin əksinə 5 saat deyil, 3,5 saat çəkib. Bu vaxta görüş zamanı edilən fasilənin müddəti də daxil idi. Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib ki, amerikalı həmkarı Co Baydenlə qurumlararası səviyyədə strateji sabitliyə dair məsləhətləşmələrə dair razılığa gəliblər. O vurğulayıb ki, hər iki ölkə dünyada strateji sabitliyə dair xüsusi məsuliyyətin olduğunu anlayır.
Tərəflər, həmçinin Rusiya və ABŞ səfirlərinin müvafiq olaraq Vaşinqton və ya Moskvaya geri qayıtmaları barədə razılığa gəliblər. Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında politoloq Turan Rzayev qeyd edib ki, liderlərin açıqlamaları görüşün “orta səviyyədə” keçdiyini göstərsə də, Co Baydenin Cenevrəni tərk etməzdən öncə “Rusiya hazırda çox çətin vəziyyətdədir” deməsi görüşün, əksinə, olduqca gərgin keçdiyini göstərir:
"Əvvəla, Baydenin “Rusiya hazırda çox çətin vəziyyətdədir” deməsi heç də təsadüfi deyil. Üstəlik, bunu Çin ilə əlaqələndirməsi xüsusi diqqət çəkdi. Faktiki olaraq Bayden Rusiya üçün təhlükənin Qərbdən deyil, məhz Şərqdən, yəni Çindən gəldiyini qeyd edib. Yəni Bayden Kremlin mövcud gücünün əslində tükəndiyini, sadəcə, Çinin investisiyaları ilə ayaqda qaldığını demiş oldu.
Mahiyyət etibarilə Bayden haqlıdır. ABŞ və Qərbin sanksiyaları hazırda Rusiya iqtisadiyyatını çox pis hala salıb. Bundan əlavə, rus rublunun dollar qarşısında ucuzlaşması da başqa bir faktordur. Təbii ki, Çin də bunu bilir və son illərdə Rusiyaya yatırılan investisiyaların həcmini artırıb. Çinin hədəfi əslində bəllidir.
Pekin Rusiyanın Ural dağlarından Şərqdəki Asiya torpaqlarının zəngin yeraltı və yerüstü sərvətləri ilə yaxından maraqlanır. Rusiya Sibir başda olmaqla, Asiya torpaqlarının yerüstü və yeraltı sərvətlərinin cəmi 10 faizini istifadə edir. Ərazinin sərt iqlimi, texnoloji avadanlıqların çatışmaması, iş gücünün azlığı və iqtisadi potensialın olmaması Kremlin bu torpaqları tam olaraq mənimsəməsinin qarşısını alır.
Lakin Çin üçün vəziyyət heç də belə deyil. Sənayesi, iqtisadiyyatı və ordusu günü-gündən güclənən Çin daxili bazarının xammal ehtiyacını region ölkələrindən təmin edir. Yüksək işçi gücünə və lazımi texnoloji avadanlıqlara malik olan Pekin Rusiyanın qeyd etdiyim səbəblərdən tam olaraq istismar edə bilmədiyi Asiya torpaqlarına həm investisiya ayırır, həm texnoloji dəstək, eləcə də ucuz işçi qüvvəsi ilə təmin edir.
Faktiki olaraq Kreml göz görə-görə Asiya torpaqlarını Çinə icarəyə verir. Əvəzində isə Vaşinqton və Qərblə mübarizədə silahlanmaya maliyyə ayıraraq özünün hələ də fövqəldövlət statusunda olduğunu göstərmək istəyir. Bayden “Rusiya hazırda çox çətin vəziyyətdədir” deyərkən məhz bunu nəzərdə tutub”.
Çinin Rusiyaya təzyiq etmək məsələsinə gəlincə, politoloq qeyd edib ki, Bayden burada Rusiyanı qorxutmağa, ya da ən azından Çinə qarşı güvənini sarsıtmağa çalışır:
"Çünki Bayden anlayır ki, Çin Rusiyanın Asiya torpaqlarına investisiya ayırıb işçi qüvvəsi cəlb edərək gücünü günü-gündən artırır. Digər tərəfdən, Pekin Qərblə arasındakı Rusiyanın hərbi baxımdan zəifləməsini istəmir.
Çünki anlayır ki, bu zaman ABŞ hər vəchlə Qərbin bu gün Rusiyaya qarşı etdiyi iqtisadi təzyiqi Çinə qarşı edəcək.
Pekin buna görə Rusiyanı gücləndirir. ABŞ bunu bildiyi üçün Pekinlə Moskvanın arasını açmağa çalışır”.