Bir az ümid yaranıb

Ermənistanda indiyə qədərki yanlış siyasəti mühakimə edənlər də var

"Paşinyanın, həm də Levon Ter-Petrosyanın tərəfdarları arasında regional əməkdaşlığa meyil edənlər çoxdur"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı Ermənistana çağırış edib və regional əməkdaşlıqdan danışıb. Türkiyə lideri vurğulayıb ki, Naxçıvanla Bakını bağlayacaq Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyətə malikdir. Ərdoğan əlavə edib ki, regionun 6 ölkəsinin işirakı ilə platforma yaradılmalıdır: “Bu əməkdaşlıq platforması ilə birlikdə bölgədə sükunət yaranacaq, düşmənçilik aradan qalxacaq. Dəmir yolu ilə ermənilər Moskvaya və dünyaya çata biləcəklər.

Biz Ermənistanla aramızdakı problemləri bilirik, amma buna rəğmən bu addımın atılmasında problem görmürük. Təbii ki, Gürcüstanın da Rusiya ilə bağlı bəzi problemləri var. Ancaq sıxıntılarımızı aşmaq üçün bu platforma kömək olar. Bölgənin sülhə ehtiyacı var. Ermənistan Azərbaycanla problemi həll etdikcə, biz də lazımı addımları atacağıq. Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının Ermənistan üçün nə dərəcədə lazım olduğu ortadadır”. 

Türkiyə liderinin Ermənistana çağırışını “Şərq”ə dəyərləndirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Ermənistanın müəyyən təbəqəsində Türkiyəyə qarşı aqressiya yüksəlib. Analitik bildirib ki, ümumən yüzillər boyu ermənilər türklərə nifrət şüuru ilə yetişiblər. Onlara daim düşmənçilik aşılanıb:

“Düşmənçilik hissi ilə hərəkət edən ermənilər sadəcə özləri üçün deyil, bütöv region üçün problemlər yaradırlar. 44 günlük müharibədən sonra daxili və xarici qüvvələrin təsiri ilə Azərbaycan və Türkiyəyə qarşı nifrət bir qədər də alovlandırılıb.

Amma ermənilər arasında indiyə qədərki yanlış siyasəti mühakimə edənlər də var. Normal yanaşmalarla hökuməti sorğu-sual edənlərin sayı çoxalmaqdadır.

Müşahidə olunan müsbət tendensiya ermənilərə münasibətdə bir az ümid yaradır. Həm Nikol Paşinyanın, həm də Levon Ter-Petrosyanın tərəfdarları arasında regional əməkdaşlığa meyil edənlər çoxdur”.

A.Aslanlı vurğulayıb ki, ömür boyu düşmənçiliklə yaşamaq mümkün deyil, gələcəyə baxmaq lazımdır:

“Gələcək isə iddialardan əl çəkərək mədəni cəmiyyətlər kimi normal qonşuluq münasibətləri qurmaq və bölgə əməkdaşlığında iştirak etməkdir. Hər şey parlament seçkisindən sonra formalaşacaq hökumətin güclü və ya zəif olmasından asılıdır.

Qərarların alınması hakimiyyətə kimin gəlməsindən daha çox, qurulacaq hökumətin dayanıqlı olmasından asılı olacaq.

Başqa cür Ermənistanın gələcəyi yoxdur. Məntiq tələb edir ki, ermənilər düşüncələrini və siyasətlərini dəyişsinlər. Ermənilər ağıllı hərəkət etmək istəməsələr belə mövcud şərtlər diktə edir ki, Ermənistan əməkdaşlığa məcbur razılıq versin. Bütün halda şərtlər inteqrasiyanı tələb edir.

Hazırkı dövrdə regional əməkdaşlığın formalaşma ehtimalı son 25-30 ildə ən yüksək həddədir və bu fürsəti dəyərləndirmək lazımdır”.