Ermənistanda seçki: "Moskvanın müdaxiləsi və ikinci tur...” - Vətəndaş müharibəsi!

“Burada məqsəd, əlbəttə ki, siyasi alverə nail olmaqdır”

“Geniş hərbi əməliyyatların baş verəcəyi isə bu gün üçün real görünmür”

“Lakin seçkidən sonra Ermənistanda vətəndaş qarşıdurması baş verə bilər”

"Paşinyan təkbaşına hökuməti formalaşdıra bilsə, Rusiyapərəst siyasətçiləri siyasi səhnədən siləcək”


Ermənistanda növbədənkənar seçki yaxınlaşdıqca, təbliğat-təşviqat kampaniyalarının fonunda emosional mühit də gərginləşir. Seçki prosesi namizədlər arasında ən çirkin formada- qarşılıqlı təhqirlər, casus ittihamları, hətta ailə üzvləri haqqında ifşaedici materialların dərci və elanı ilə davam edir. Görünən odur ki, Rusiyanın xeyir-duası ilə seçkiyə qoşulan eks-prezident Robert Köçəryan hər vəchlə əsas rəqibi Nikol Paşinyanı üstələməyə çalışır. İndidən bu qənaətə gəlmək olar ki, Kreml, nəyin bahasına olursa-olsun, Koçaryanı hakimiyyətdə görmək istəyir.

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu seçkilərin necə nəticələnəcəyinə dair proqnozlarını “Sherg.az”la bölüşüb. Onun sözlərinə görə, Nikol Paşinyanın son mitinqi göstərdi ki, onun qalib gəlmək şansı az deyil:

“Narazı elektorat “Qarabağ klanı”nın hakimiyyətə qayıtmasına yol vermək istəmir. Sabiq prezident Robert Köçəryan Rusiyanın vassalığını qəbul edir, lakin bu, ona hakimiyyətə gəlmək üçün kifayət etmir. Kimin iqtidara gəlməsindən asılı olmayaraq, Qarabağda yenidən müharibənin başlaması hələ ki, real deyil. Əvvəla, Ermənistanın buna hərbi potensialı çatmır. Azərbaycan Ordusu İkinci Qarabağ savaşında Ermənistan ordusuna sarsıcıdı zərbə vurub. İkincisi, böyük güclər, xüsusilə, Rusiya hələ ki, bunu istəmir. Sadəcə, Kreml Azərbaycandan hansısa güzəştlər gedilməsini istəyə bilər. Bu, baş verməyəcəyi təqdirdə yeni eskalasiyanın başlayacağını düşünmək olar. Lakin bu, az inandırıcıdır”.

Analitikin qənaətincə, istisna deyil ki, Ermənistanda keçiriləcək seçkilərdə ikinci tur ola bilər:

“Təbii ki, bu, Moskvanın müdaxiləsi ilə baş tuta bilər. Burada məqsəd, əlbəttə ki, siyasi alverə nail olmaqdır. Geniş hərbi əməliyyatların baş verəcəyi isə bu gün üçün real görünmür. Lakin seçkidən sonra Ermənistanda vətəndaş qarşıdurması baş verə bilər. Paşinyan təkbaşına hökuməti formalaşdıra bilsə, Rusiyapərəst siyasətçiləri siyasi səhnədən siləcək”.