Bayramovun Türkiyə səfəri:““Şuşa Bəyannaməsi”nin detalları...”

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rəsmi səfərdədir. Nazir Antalya Diplomatiya Forumunda iştirak etmək üçün dünən Türkiyəyə gedib.
Səfər çərçivəsində C. Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Məlumdur ki, 2-gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizdə idi. Məhz bu səfərin ardınca XİN başçımızı Türkiyəyə getməsi bəzi detallardan xəbər verir.

Siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev  “Sherg.az”a bildirib ki, Ərdoğanın Azərbaycana səfərindən sonra C. Bayramovun Türkiyəyə getməsi gözlənilən idi:

“Şuşa Bəyənnaməsi”ndə bir çox məsələ nəzərdə tutulub. Bütün bunların hamısı hələlik bəyannamə səviyyəsindədir. Amma bunlar sövdələşmə və müqavilələrə çevrilməlidir. Təbii ki, bu da XİN başçısının xətti ilə olacaq.

C.Bayramovun səfəri Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Hər iki ölkə “Şuşa Bəyannaməsi”ndən irəli gələn müddüəaları həyata keçirmək üçün yəqin ki, bir neçə istiqamətdə işçi qrupu yaradacaq.

Həmin işçi qrupu bağlanacaq növbəti sahələr üzrə müqavilələri hazırlayacaq. İstər neft və müdafiə sənayesi, istər kənd təsərrüfatı sahəsi üzrə ikitərəfli müqavilələrin mətninin hazırlanması nəzərdə tutulur. C.Bayramovun səfəri də məhz bununla bağlıdır”.

C.Nuriyev vurğulayıb ki, Türkiyənin Şuşada Baş Konsulluq açması artıq Şuşanın beynəlxalq hüquq müstəvisinə keçməsi deməkdir:

“Yəqin iki ölkənin XİN başçıları arasında Baş Konsulluğun açılmasına dair danışıqlar həyata keçiriləcək. Artıq bəyannamə imzalanıb, konsulluq binasının tikilməsi üçün müvafiq yerin götürülməsi qarşılıqlı şəkildə razılaşdırılacaq. Ona görə də bu səfər Azərbaycan üçün gözlənilən, amma kifayət qədər uğurlu olacaq. Artıq Türkiyə və Azərbaycan arasında hansısa bir maneə qalmayıb. Bu maneələr “Şuşa bəyannaməsi” ilə aradan qaldırıldı. Azərbaycan birmənalı şəkildə müstəqilliyinin əbədi olmasına səs verdi”.