Qonşu ölkədə baş tutan seçkilərin nəticəsinin bölgəyə heç bir təsiri olmayacaq
Yenə orada yaşayan soydaşlarımızın hüquqları tanınmayacaq, biganə münasibət özünü göstərəcək
İran İslam Respublikasında 13-cü prezident seçkiləri baş tutub. COVID-19 pandemiyası səbəbindən səsvermə sosial məsafə və gigiyenik tədbirləri gözlənilməklə keçirilib. Rəsmi məlumata görə, İranda 59 milyondan çox seçici var. Bu il 1 milyon 400 min nəfər səsvermədə ilk dəfə iştirak etdi. İrandan kənarda yaşayan 3,5 milyon seçici isə ölkə xaricində səs verdi. Maraqlıdır ki, seçki gününə kimi fəal olan bir sıra namizədlər geri addım atdılar. Belə ki, seçkiyə bir gün qalmış iki namizəd iddiasından əl çəkdi.
İranın Qum şəhərindən olan deputat və ölkə parlamentinin Araşdırma Mərkəzinin rəhbəri Əlireza Zakani Ali Məhkəmənin sədri İbrahim Rəisinin lehinə namizədliyini geri götürdü. Bundan əvvəl isə “Tasnim” agentliyi İran parlamenti deputatlarının prezidentliyə namizəd olan bütün mühafizəkarları namizədliyini Rəisinin lehinə geri götürməyə çağırdığını bildirib. Müraciət “Sepah”ın sabiq komandiri Möhsen Rezai, İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili, parlament sədrinin müavini Əmir Hüseyin Kazizadə Haşimi və Zakaniyə ünvanlanıb. İranın keçmiş vitse-prezidenti Möhsün Mehrəlizadə də namizədliyini geri götürüb. Beləliklə, islahatçı düşərgədən yalnız ölkənin Mərkəzi Bankının keçmiş başçısı Abdolnaser Hemmati kampaniyada iştiraka davam edib. Prezidentlik postu uğrunda 4 namizəd mübarizə apardı - Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzai, deputat Əmirhüseyn Qazizadə-Haşimi və Mərkəzi Bankın sabiq direktoru Əbdünnasir Himməti. Seçki prosesi başlayan ilk gündən İbrahim Rəisi ön sıralarda oldu. Bəs İrandakı proses bölgədəki vəziyyətə necə təsir edəcək?
Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı İrandakı seçkiləri "Şərq"ə şərh edib. O qeyd edib ki, İrandakı prosesin bölgəyə bir o qədər də təsiri olmayacaq:
"İranda əsas faktor seçki deyil. Çünki Ayətullah kimə dəstək verirsə, o da yeni prezident olmalıdır. Təbii ki, İbrahim Rəisi əvvəlcədən də rəy sorğularında irəlidə idi. Fikrimcə, İranın siyasətində də heç bir dəyişiklik olmayacaq. Bizi maraqlandıran əsas Cənubi Azərbaycandakı soydaşlarımızıdır. Bilirsiniz ki, əvvəllər azərbaycanlı namizədlər də var idi. Lakin sonradan onlar namizədliyini geri götürdülər. Yəni o namizədlərdən də heç biri gələcəkdə bizim orda yaşayan soydaşlarımızın haqq və hüquqlarının müdafiəsi ilə bağlı heç bir açıqlama verməmişdi. Elə bil açıqlama olmayıb deyə bizim güneylilər üçün də kimin seçiləcəyi ilə bağlı elə bir fərq də yox idi".
Yeni prezidentin bölgə siyasətinə təsiri məsələsinə gəlincə, professor əlavə edib ki, İranın bəlli bir siyasəti var:
"İranın regionumuzda baş verən proseslərə münasibəti məlumdur. O həmişə Ermənistanın yanında olub. Təbii ki, bu siyasəti də aparacaq. Bizim təklif elədiyimiz 3+3 regional əməkdaşlıq variantına da İranın sıcaq baxmadığı ortadadır. Təbii ki, İran bizim qonşu dövlətdir. Qonşuluq münasibətlərində də nələrisə nəzərə almalıyıq, əlbəttə ki, onlar da nəzərə almalıdır. İranın özü də Azərbaycanla bəzi məsələlərdə hesablaşmalıdır. Regional siyasət baxımından İranın ortaya qoyacağı mövqe dəyişməz qalacaq. Azərbaycan da bu məsələlərlə bağlı öz diplomatik səylərini artırmalıdır. Və İranla siyasəti müəyyənləşdirərkən cənubi azərbaycanlıların haqlarını da həmişə ortaya qoymalıdır. Çünki güneyli qardaşlarımızın həmişə bizdən gözləntiləri var. Bu gözləntilərin hamısını bir gündə, yəni bir siyasi dövrdə eləmək mümkün deyil. Ən azından biz təməllərini açmalıyıq, yəni onların haqq və hüquqlarının müdafiəsinə Azərbaycan da ciddi şəkildə qoşulmalıdır".