Moskvanı bütün təzyiqlərdən qoruyacaq yeganə güc Türkiyədir
"Rusiya Zəngəzur dəhlizini dəstəkləməyə məcburdur. Ona görə yox ki, Azərbaycan və Türkiyə bunu istəyir. Səbəbi odur ki, Rusiyanın özünün yaxın aylarda Avropaya çıxışı bağlanacaq"
Yaxın vaxtlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya rəhbəri Vladimir Putinlə ikitərəfli görüş keçirəcək. Bu barədə Ərdoğan Zəngəzur dəhlizindən danışarkən bildirib. O deyib ki, Azərbaycanın Zəngəzur layihəsini çox önəmli görür və dəstəkləyir. Türkiyə liderinin sözlərinə görə, açılacaq bu dəhliz bölgə üçün çox önəmli imkanlar deməkdir: “Bununla bağlı hazırda Rusiya tərəfindən bir fikir ayrılığı, ya da bu işi gecikdirmək kimi bir niyyət olduğunu ehtimal etmirəm. Əskinə, Rusiya dəhlizin açılmasında istəklidir. İlham Əliyev qardaşımın bu məsələ ilə bağlı danışıqları var, yaxın vaxtda Putinlə də ikitərəfli görüş keçirmək istəyirik.
Lakin biz hazırda bir şeyə diqqətimizi cəmləmişik. Burada platforma məsələsi var. Platformanın lider ölkələri Rusiya, Türkiyə, Azərbaycan və İrandır. Gürcüstanın və Ermənistanın da burada olmasını istəyirik”. Türkiyə Prezidenti Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin verilməsinin bu prosesə dəstək olacağını da qeyd edib. O, həmçinin Ermənistana minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməklə bağlı çağırış da edib. Ermənistanın etimad artıracaq addımlar atmağa başlamasının zəruriliyini vurğulayıb. Məlum olduğu kimi Ərdoğan Brüsseldə ABŞ Prezidenti Co Bayden, Fransa rəhbəri E.Makron və avropalı digər rəhbərlərlə görüşdən sonra Azərbaycana gəlib. Bunun ardınca isə Rusiya Prezidenti V.Putinlə görüşəcəyinin anonsunu verib. Bundan əlavə Xarici işlər nazirimiz Ceyhun Bayramov da Türkiyəyə yollanıb. Səfər çərçivəsində C.Bayramovun Türkiyə rəsmiləri və Antalyada Diplomatiya Forumunda iştirak edən xarici nümayəndələrlə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Türkiyə rəhbərliyinin həyata keçirdiyi siyasəti “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Ərdoğan sadəcə Rusiyaya deyil, eyni zamanda Azərbaycan-Türkiyə birliyi ideyasına qarşı çıxan digər dövlətlərə də mesaj verdi. Professorun sözlərinə görə, Şuşa Bəyannaməsinə əsasən, hüquqi cəhətdən Turanın yaradılmasının əsası qoyuldu:
“Türk ölkələrinin birliyi hörmətli Ərdoğanla, cənab İlham Əliyevin ideyasıdır və bu ideyanı həyata keçirmək üçün ciddi addımlar atılmaqdadır. Türkiyə lideri Rusiya rəhbəri ilə görüş barədə məlumat verməzdən öncə NATO-dakı görüşlərinə diqqət çəkdi. Ərdoğan bir növ Brüsseldə NATO-dan aldığı dəstəyi ifadə etdi. Rusiya ciddi problemlərin astanasındadır və şimal qonşumuz Qərbin sanksiyalarına, təzyiqlərinə məruz qalmaqdadır. Moskvanı bütün təzyiqlərdən qoruyacaq yeganə güc Türkiyədir. Həm də Rusiya vətəndaşlarının demək olar ki, yarısını türk mənşəli insanlar təşkil edir. Rusiya Zəngəzur dəhlizini dəstəkləməyə məcburdur. Ona görə yox ki, Azərbaycan və Türkiyə bunu istəyir. Səbəbi odur ki, Rusiyanın özünün yaxın aylarda Avropaya çıxışı bağlanacaq. Ukrayna NATO ilə danışıqlar apararaq Kremli çətin duruma salır. Belarus isə Moskva üçün etibarsız dövlətdir. Lukaşenko hakimiyyəti öz oğluna verməkdən ötrü Qərblə istənilən danışığa gedə bilər. Rusiyanın Qərb zolağının bağlanma ehtimalı Kremli alternativ yollar axtarışına çıxarır. Moskvanın dənizdən İran üzərindən çıxış əldə etməsi də risklidir. Çünki İran özü də blokdadadır. Ona görə də Rusiya yeganə çıxış yolu kimi Zəngəzur dəhlizinin açılmasını görür. Əgər Moskva bunu istəyirsə, Ermənistan mane ola bilməyəcək. Düzdür, Rusiya hazırda Azərbaycana və Türkiyəyə münasibətdə səmimi siyasət yürütmür. Kreml çalışır ki, Ermənistandakı parlament seçkisində dəstəklədiyi siyasi qüvvələr daha çox səs toplasınlar. Əgər Paşinyan və tərəfdarlarının seçkini uduzmaq məsələsi gündəmə gəlsə, Ermənistan qarışacaq. Seçki və ondan sonrakı proseslərin yumşaqlıqla başa çatacağını demək çətindir.”
C.Nuriyev vurğulayıb ki, Şuşa Bəyannaməsindən sonra XİN rəhbəri Ceyhun Bayramovun Türkiyəyə səfəri təsadüfi deyil:
“Bəyannamədə yer alan müddəaların yeni müqavilə və saziş formasına salınması məsələləri müzakirə olunacaq. Bütün sahələr üzrə müqavilələrin bağlanması üçün işçi qruplarının yaradılması nəzərdə tutulur. Hərbi sahədə çox ciddi addımların atılacağı gözlənilir. Ərdoğan peşəkar siyasətçi kimi Putinə mesaj göndərir ki, əgər Moskva da razılıq verərsə, münasibətləri dostluq səviyyəsinə qaldırmaq imkanları var. Putin də peşəkar siyasətçidir. İnanmıram ki, Rusiya indiki dönəmdə imperiya ambisiyalarının arxasınca getsin. Qərbdə və Şərqdə Rusiyanın ərazisini parçalamaqda maraqlı dövlətlər var. Hazırda Rusiya “qurdlar süfrəsi”ndədir və bu süfrədən Rusiyanı ancaq “bozqurd” çıxarda bilər. Həmin “bozqurd” Türkiyədir”.