Sabah Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. “Gallup” nəşrinin sorğusuna görə keçmiş prezident Robert Köçəryan hazırda baş nazir Nikol Paşinyanı qabaqlayıb. Belə ki, Köçəryanın rəhbərlik etditi “Ermənistan” bloku 28.7, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası isə 25.2 faiz səsə sahibdir. Deməli, Paşinyan üçün “son zəng” çalına bilər.
Siyasi analitik Turab Rzayev “Sherg.az”a açıqlamasında mövcud ehtimalları dəyərləndirdi:
“Son sorğulara görə Paşinyan zəifləyib, Köçəryan və Sarkisyan isə güclənib. Sarkisyan 10 faiz səslə üçüncüdür. Hazırda baş nazir vəzifəsini icra edən siyasətçi üçün ən pis ssenari Köçəryan və Sarkisyanın partiyalarının birləşməsi və onların səslərinin toplanması olacaq. Həmin siyasətçilər sonra iqtidarı öz aralarında bölüşdürə, koalisiya hakimiyyəti formalaşdıra bilərlər. Lakin Paşinyanın tərəfdarları opponentlərinkindən dəfələrlə çoxdur. İkinci bir tərəfdən, hərbçilər, o cümlədən generallar artıq tərəf seçməyə başlayıblar. Seçkilərdən sonra siyasətçilərin səs fərqi az olsa, hərbi çevriliş, vətəndaş müharibəsi ehtimalları istisna deyil”.
Analitikin sözlərinə görə, nəticənin bizim üçün fərqi yoxdur:
“İstənilən halda Qarabağ məsələsində geriyə dönüş olmayacaq. Aralarında müəyyən ziddiyət olduğuna görə Rusiya Paşinyanı açıq müdafiə etmir. Əvəzində o, Qərbdən dəstək alır. Paşinyan qalib gəlsə, yenə belə olacaq. Əksinə, hakimiyyətə Köçəryan keçsə, İrəvan Moskva ilə yaxınlaşacaq və Qərbin, o cümlədən Sorosun Ermənistana dəstəyi azalacaq”.