"SSRİ xəritəsinə uyğun sərhədlərin müəyyənləşməsi ilə bağlı yeni müqavilə imzalanacaq"
Yaxın gələcəkdə Ermənistan və Rusiya rəhbərliyi Rusiya sülhməramlılarının Gegarkunik bölgəsinə yerləşdirilməsini nəzərdən keçirir. İnformasiyanı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və qoşunların Baş Qərargah rəisi Aryak Davtyan da təsdiqləyiblər. Danışıqlarda Azərbaycanın iştirakçı olacağı da bildirilib. Məlumatda diqqət çəkən məqam Rusiya hərbçilərinin sərhədin Azərbaycan yox, Ermənistan tərəfdən olan hissəsində, Sotk-Xoznavar istiqamətində yerləşəcəyidir.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, bu açıqlama proseslərin iki mümkün istiqamətdə inkişaf etdiyi ehtimalını önə çıxarır. Analitikin sözlərinə görə, Azərbaycan hərbçiləri sərhəddə mövcud olduqları mövqelərdən geri çəkilmir. Yəni sərhədlərin müəyyənləşməsi SSRİ xəritələrinə uyğun həyata keçirilir:
“Sərhədlərin müəyyənləşməsi ilə bağlı mövcud olan “beynəlxalq müşahidəçi” təklifi arxa plana keçir. Bu məqam həm də Rusiyanın vasitəçiliyi ilə sərhədlərlə bağlı yeni müqavilənin aktuallığından xəbər verir.
Nikol Paşinyan sərhədlərin müəyyən edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin iştirakı ilə “beynəlxalq müşahidəçilərin” yerləşdirilməsini təklif etmişdi. Bu, Azərbaycan və Ermənistan dövlət sərhədinin bütün istiqamətini yox, Kəlbəcər istiqamətində - Sotkdan (Söyüdlü) Qafanın Xoznavar (Xəzinəvar) kəndinə qədər olan ərazini nəzərdə tuturdu”.
Ekspertə görə, Qərb ölkələrinin “beynəlxalq müşahidəçi” adı altında bölgəyə gəlməsi məsələsinin gündəmdən çıxması bir neçə kontekstdə əhəmiyyətlidir:
“SSRİ xəritəsinə uyğun sərhədlərin müəyyənləşməsi ilə bağlı yeni müqavilə imzalanacaq. Ancaq "beynəlxalq müşahidəçi”lərin gəlişi bu prosesdə əsas əngəl ola bilərdi. Bu müqavilə Azərbaycan və Ermənistanın bir-birinin dövlət sərhədinin tanıması, İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməsi deməkdir. Qərb-ABŞ bölgədə Rusiyaya qarşı alternativ kimi Türkiyənin mövcudluğunu qəbul edir və bu, həm sərhəd, həm Qarabağ məsələsində Bakının əlini ikiqat gücləndirir”.