"Rusiya yaxşı başa düşür ki, post-sovet məkanında artıq dominantlıq etmək çətindir"
Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyev arasında telefon söhbəti baş tutub. Prezidentlərin söhbəti Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub. Liderlər telefon danışığı zamanı Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə işlərin fəallaşmasını müzakirə ediblər. 2020-ci il 10 noyabr və 2021-ci 11 yanvar tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib.
Ölkə başçıları Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə olan qətiyyətlərini təsdiq ediblər. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Xatırladaq ki, Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığından qısa zaman öncə iki ölkənin xarici işlər nazirləri arasında təmaslar olub.
“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov “Şərq”ə deyib ki, indiki məqamda Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan rəhbəri İlham Əliyev arasında telefon danışığı təsadüfi deyil. Ekspertin sözlərinə görə, telefon danışığına qədər regionda baş vermiş hadisələrə qısa nəzər saldığımızda təxmini belə mənzərə yaranır:
“Türkiyə prezidenti öncə Belçikaya NATO dövlət və hökumət başçılarının sammitində iştirak etmək üçün səfər etdi. Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Makron, ABŞ Prezidenti Bayden və NATO üzvü olan digər dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirdi. Ərdoğan Brüsseldəki səfərini başa vurduqdan sonra birbaşa Azərbaycana Bakıya, 15 iyunda isə Füzuli və Şuşaya səfər etdi. Səfər çərçivəsində Şuşa Bəyannaməsi imzalandı. Bəyannamə Qars müqaviləsini xatırlatmaqla yanaşı müasir dövrə uyğun olaraq iki qardaş dövlət arasında siyasi, iqtisadi, mədəni, hərbi və s. sahələrdə əməkdaşlığın ən üst səviyyəyə qalxmasına şərait yaratmış oldu. Bu bəyannamə ilə Azərbaycan özünə qarşı yönəlmiş xarici təhdidlərin qarşısını almağı bacardı. Həmçinin, Ərdoğanın jurnalistlərin suallarına cavab verərkən Azərbaycanda türk hərbi bazalarının qurulmasının mümkünlüyünü bildirdi. Türkiyə liderinin Milli Məclisdə çıxışı və verdiyi mesajlar da Rusiya tərəfindən diqqətlə izlənildi. Rusiya başa düşdü ki, Türkiyə regionda Moskvanın təkbaşına dominant hüququ əldə etməsinə imkan vermək istəmir. Təbii ki, Rusiya bundan çox narahatdır. Əlavə olaraq Ermənistandakı seçkilərdə Nikol Paşinyanın partiyası qalib oldu. Moskva yaxşı dərk edir ki, Paşinyanın hakimiyyətə gəlməsi Rusiyanın maraqlarına ziddir. İranda da hakimiyyət dəyişdi. 2018-ci ildə, Donald Trampın İranla bağlı siyasətində sərtləşmə baş verəndə Kreml Tehranın arxasından çəkildi. Ona görə də İranın yeni rəhbərliyi Rusiyaya etibar etmir”.
Ekspert vurğulayıb ki, baş vermiş bu proseslərin fonunda Rusiya Prezidenti Vladimir Putin vəziyyətin Rusiya üçün nəinki regionda, eyni zamanda dünyada ürəkaçan olmadığını anlayır:
“Rusiya Cənubi Qafqazda mövcudluğunu gücləndirməyə deyil, qorumağa çalışır. Rusiya yaxşı başa düşür ki, post-sovet məkanında artıq dominantlıq etmək çətindir. Onun qarşısında NATO-da gücünə görə ikinci yerdə dayanan Türkiyə var. 12 iyunda Ermənistanın 15 terrorçu qarşılığında Ağdamda basdırdığı 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycana Gürcüstan vasitəsi ilə təhvil verməsi isə Rusiya üçün ciddi zərbə oldu. Rusiya Türkiyənin regionda varlığına mane ola bilməsə də, öz varlığını qorumağa çalışır”.